Azercell GSMA ilə strateji tərəfdaşlıq çərçivəsində mobil sənayeni sıfır karbon emissiyasına yaxınlaşdırmaq üzərində çalışacaq
Azərbaycanın aparıcı mobil operatoru “Azercell Telekom” MMC GSMA təşkilatının aktiv üzvü olaraq İqlim Fəaliyyətində iştirakını qürurla elan edir. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə uyğun olaraq Azercell mobil sənayeni sıfır karbon emissiyasına yaxınlaşdırmaq istiqamətində çalışacaq.
“Bizim GSMA İqlim Fəaliyyətinin İşçi Qrupuna üzvlüyümüz həyat keyfiyyətinin yüksəldilməsi və daha sağlam gələcəyin dəstəklənməsinə yönəlik strateji məqsədimizin bariz sübutudur. İnanırıq ki, bu proqram çərçivəsində həyata keçirilən təşəbbüslər ölkəmizin davamlı inkişafına töhfə verəcək”, deyə “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova bu proqramın əhəmiyyətini vurğulayıb.
İqlim Fəaliyyəti dünya üzrə 60-dan çox operator qrupunu bir platformada toplayıb. Bu proqram çərçivəsində GSMA və Azercell də daxil olmaqla sənaye liderləri 2050-ci ilə qədər sıfır karbon emissiyası statusunun əldə edilməsinə qlobal səviyyədə öz töhfəsini verməyi və bununla da iqlim böhranının həllinə dəstək olmağı hədəfləyirlər.
Bu proaktiv ekoloji mübarizə fəaliyyəti iqlim təşəbbüsləri istiqamətində mobil sənaye təchizatçıları ilə birgə iş, mobil cihaz və avadanlıqların ekoloji dayanıqlığının artırılması, innovativ texnologiya vasitəsilə karbon emissiyasının azaldılması üçün mobil rabitədən istifadə və sürətli iqlim dəyişikliyi dövründə ekstremal hava şəraitini idarə etmək üçün infrastrukturun möhkəmləndirilməsi kimi geniş mövzuları əhatə edir.
Qeyd edək ki, GSMA müsbət biznes mühiti və sosial dəyişikliyin əsasını təşkil edən innovasiyaların axtarışı, inkişafı və tətbiqi üçün mobil ekosistemi bir araya gətirən qlobal təşkilatdır.
“Azercell Telekom” MMC iqlim dəyişikliyinin mənfi təsirinin azaldılmasına və mobil sənayenin davamlı və ekoloji cəhətdən sağlam gələcəyə yönləndirilməsinə istiqamətlənmiş kollektiv təşəbbüslərə fəal töhfə verməklə korporativ məsuliyyətinə sadiqliyini ifadə edir.