Bu ilin avqust ayında Lerik rayonunda yerləşən “Relax” istirahət mərkəzində dövlət məmurlarının döyülməsinə görə həbs edilən deputat İqbal Məmmədovun oğlu Mirhəmid, qardaşı oğlu Orxan, bacısı oğlu Pərviz və onların dostlarının istintaqı davam etdirilir.
FED.az xəbər verir ki, Vergilər Nazirliyinin əməkdaşları İqbal Məmmədova məxsus “Relax”da yoxlama aparmaq üçün ora yollandıqda müqavimətlə rastlaşıblar. Daha sonra əraziyə polis əməkdaşları da cəlb olunub. Lakin adıçəkilən şəxslər hər iki qurumun əməkdaşlarını döyməkdə ittiham edilirlər.
Eləcə də bax: "Relax" istirahət mərkəzi qardaşıma məxsusdur" - DEPUTATDAN AÇIQLAMA
İstintaq zamanı müəyyən edilib ki, Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi “Relax” Ticarət Mərkəzində operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi haqda qərar çıxarıb. Bu qərar əsasında, həmin idarənin və Nazirliyin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları “Relax”a gələrək xidməti vəsiqələrini və qərarın surətini istirahət mərkəzinin əməkdaşlarına təqdim ediblər. Onlar yoxlamanın keçirilməsinə şərait yaradılmasını istəyiblər.
Lakin Orxan Nərimanlı və obyektin mühasibi Famil İmanov vergi əməkdaşlarına yoxlamanın keçirilməsinə imkan verməyəcəklərini bildiriblər. Deputatın oğlu Mirhəmid Nərimanlı isə əlində tutduğu ratsiya ilə mühafizə xidmətinin rəisi Rahim Şahverdiyev, mühafizəçi Amir Abbasov və digər işçilərə göstəriş verib ki, vergi əməkdaşları binadan çıxarılsın və içəri buraxılmasınlar.
M.Nərimanlı bu göstərişinin icra olunmasına şəxsən nəzarət edərək saat 19 radələrinədək onları içəri buraxmayıb. Bu zaman vergi əməkdaşları əraziyə Lerik rayon Polis Şöbəsinin əməkdaşlarını çağırıblar. Adıçəkilən şəxslər polis əməkdaşlarının tələblərinə tabe olmayaraq binaya girəcək şəxsə zor tətbiq edəcəklərini elan ediblər.
Daha sonra isə onlar vergi və polis əməkdaşlarının üzərinə hücum edərək yumruq, təpik və daş parçaları ilə zərbələr vurublar. Dava nəticəsində Vergilər Nazirliyinin əməliyyat müvəkkili Natiq Əliyev baş beyin silkələnməsi, sol göz altı və boyun hissənin qançırı, digər əməliyyat müvəkkili Əsgər Əsgərli ənsə nahiyəsində şişkin qançır, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini Ziya Ağagülov baş beyin silkələnməsi, göz və alın nahiyəsində qançır, vergi öhdəliklərinə nəzarət idarəsinin rəisi Əli Babayev, vergi müfəttişləri Sərxan Feyziyev, Ruslan Ramazanov sifətindən, Lerik RPŞ-nin sahə rəisi, leytenant Fəqan Kazımov çənə və alnından zərbələr alıb.
Qarşıdurma zamanı həmçinin, Vergilər Nazirliyinin xidməti istifadəsində olan 99 AB 643/645/647 nömrəli 3 ədəd “Fiad Doblo”, Nazirlik əməkdaşlarının şəxsi istifadəsində olan “Mitsubishi Outlander”, “KİA Ceed”, “Mercedes C 230”, “Mercedes C 200” markalı avtomobillərə daş parçaları ilə zədələr yetirilib.
Daha sonra əraziyə cəlb olunan xüsusi təyinatlı polislər tərəfindən adıçəkilən şəxslər saxlanılıb. Bu davadan sonra Vergilər Nazirliyi yoxlamanı davam etdirib. Araşdırma nəticəsində “Relax”ın vergidən yayındığı aşkar olunub.
Qarşıdurmaya görə tutulan şəxslərə vəzifə səlahiyyətlərini aşma və hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə zor tətbiq etmə maddələri ittiham edilsələr də, deputatın oğlu Mirhəmid Nərimanlıya əlavə olaraq vergidən yayınmaqla bağlı ittihamlar da irəli sürülüb.
Hazırda onlar Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanılırlar. Onların həbs müddəti 2020-ci il martın 15-dək uzadılıb. İstintaq Baş Prokurorluğun Ağır Cinayət dair İşlər Üzrə istintaq İdarəsi tərəfindən davam etdirilir.
Qafqazinfo