Baş Prokurorluq rüşvət ittihamı ilə həbs edilən və məhkəmədə şərti cəza alaraq azadlığa çıxan gömrükçülərlə bağlı protest verib.
Eləcə də bax: Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsinə - Cinayət İşi Açılıb
Baş Prokurorluğun Mətbuat xidmətindən FED.az-a bildirilib ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektorları vəzifəsində işləmiş Elmar Mirzəyev, Orxan Zöhrabov, Emin Xəlilov və Azər Baxşıyev, həmin şöbənin inspektorları vəzifəsində işləmiş Sadiq İsgəndərov və Rəfael Əzizov, «İpək Yolu» gömrük postunda inspektor işləyən Mirağa Ağayev və «Global Broker» MMC-nin direktoru olmaqla «D2D Logistics» MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun ölkə ərazisinə idxal olunmuş malların gömrük rəsmiləşdirilməsinin sürətli icra edilməsinə şərait yaradılması müqabilində rüşvət almalarına əsaslı şübhələr müəyyən olunduğundan cinayət işi başlanılmışdı. İş üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi.
Məhkəmənin hökmü ilə Elmar Mirzəyevə 5 il, Sadiq İsgəndərov, Rəfael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev və Ceyhun Şabanova 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib, Orxan Zöhrabova təyin edilmiş 4 il azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmiş və 1 il sınaq müddəti təyin edilmiş, Mirağa Ağayevə isə bəraət verilib.
5 apreldə dövlət ittihamçısı tərəfindən həmin hökmdən iş üçün əhəmiyyət kəsb edən faktiki halların nəzərə alınmaması, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması əsasları ilə apellyasiya protesti verilib.