Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 568-VIQD nömrəli Qanununun tətbiqi və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və Məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli 30 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Eləcə də bax: «Təmiz» işləyən nazir nə qədər maaş almalıdır? — ARAŞDIRMA
FED.az xəbər verir ki, fərmanda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 568-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və Məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli 30 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 12, maddə 744; 2000, № 1, maddə 34; 2001, № 10, maddə 640; 2002, № 8, maddə 478; 2006, № 7, maddələr 590, 593; 2009, № 11, maddə 888; 2010, № 7, maddə 610; 2015, № 1, maddə 16, № 8, maddə 915; 2020, № 7, maddə 886; 2021, № 8, maddə 917) 7.3-cü bəndi ləğv edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 568-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 568-VIQD nömrəli, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 569-VIQD nömrəli və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 570-VIQD nömrəli qanunlarının icrası ilə əlaqədar yaranan əlavə xərclərin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait, eləcə də müvafiq dövlət orqanlarının saxlanılması xərclərində büdcə xərclərinin iqtisadi təsnifatının “Əməkhaqqı” köməkçi bölməsi dairəsində xərc paraqrafları arasında dəyişikliklər etməklə həyata keçirsin.
4. Bu Fərman 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyul 2022-ci il
***
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 413; 1999, № 5, maddə 284, № 7, maddə 396, № 10, maddə 570; 2001, № 5, maddə 292, № 6, maddə 379, № 7, maddə 455; 2002, № 1, maddə 4, № 12, maddə 706; 2003, № 6, maddə 278; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199, № 8, maddələr 597, 598, № 9, maddə 669; 2005, № 1, maddə 7, № 8, maddə 686; 2006, № 1, maddə 4, № 12, maddə 1005; 2007, № 5, maddələr 439, 446, № 7, maddə 712, № 11, maddə 1078, № 12, maddə 1222; 2008, № 3, maddə 163, № 7, maddə 609; 2009, № 2, maddə 46, № 11, maddə 878; 2010, № 7, maddə 596, № 10, maddə 842; 2011, № 4, maddə 265; 2013, № 1, maddə 21; 2014, № 2, maddə 85, № 7, maddələr 782, 784; 2015, № 2, maddə 98, № 4, maddə 346, № 5, maddə 483, № 11, maddə 1286; 2016, № 6, maddə 1004, № 11, maddə 1789, № 12, maddə 2033; 2017, № 6, maddə 1034, № 7, maddə 1305, № 11, maddə 1965; 2018, № 1, maddə 12, № 3, maddə 395, № 5, maddə 888, № 7 (I kitab), maddə 1442, № 12 (I kitab), maddə 2525; 2019, № 1, maddə 22, № 7, maddələr 1196, 1206, № 12, maddə 1895; 2020, № 7, maddə 826; 2021, № 8, maddə 897; 2022, № 1, maddə 5) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 106-cı maddənin birinci hissəsinin ikinci abzasında “Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı” sözləri “3550 manat” sözləri ilə əvəz edilsin;
1.2. 107-ci maddənin birinci hissəsinin ikinci cümləsindən “və iki aylıq əmək haqqı məbləğində müavinət” sözləri çıxarılsın;
1.3. 109-cu maddənin dördüncü hissəsinin ikinci cümləsi çıxarılsın.
Maddə 2. Bu Qanun 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.