Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov barəsində olan hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi yekunlaşıb.
FED.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib. O, çıxışında protesti əsassız adlandırıb: “Müvəkkilim mənimsədiyi pulu dövlət büdcəsinə tam ödəyib. İşlədiyi müddət ərzində dövlət büdcəsinə ümumilikdə 25 milyon 436 min manat ziyan dəyib. Pullar bölgü əsasında paylanılıb. Nəcməddin Sadıkov dindirilmədi. Onun əməllərinə görə indi bu şəxslər məhkəmədə cavab verir”.
Həmçinin o, qeyd edib ki, müvəkkilinə 542 min 438 manat çatıb: “Bu məbləğ cinayət işi üzrə müəyyənləşdirilib və həmin pul tam olaraq dövlətə ödənilib”.
Təqsirləndirilən şəxs son sözündə məhkəmədən ədalətli qərar gözlədiyini bildirib. Məhkəmə müşavirə edib. Müşavirədə qərar qəbul olunub.
Qərara əsasən, apellyasiya protesti qismən təmin olunub. Bakı Hərbi Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxs 6 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin qərarına əsasən, Məlikməmməd Qurbanov 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi. Prokurorluq hökmdən apellyasiya protesti verib.
Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. 2019-cu ildə ehtiyata buraxılıb.
2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb (Apa).