Azərbaycanda ilk dəfə tətbiq ediləcək korrupsiya haqqında məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb.
Korrupsiya barədə məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsi hazırlanıb
FED.az xatırladır ki, ölkədə ilk dəfə tətbiq edilən qaydalara əsasən korrupsiya haqqında məlumat verən şəxsə, bu pozuntunun üstü açılandan sonra dövlətə ödənilən məbləğin 5%-i qədər mükafat ödəniləcək.
Eyni zamanda korrupsiya barədə məlumat verən işçini çıxarmaq qadağan ediləcək. Yəni işə götürən tərəf – şirkət və ya sahibkar korrupsiyanı bildirən işçiyə qarşı qisas tədbiri görə bilməz.
Korrupsiyanı xəbər verənlər dövlət hesabına vəkil tuta biləcək. Korrupsiyanı bildirən şəxsin yaxınları da qorunacaq. Korrupsiya barədə məlumat verənlər üçün 5%-lik mükafat mexanizmi yaradılır lakin mükafatın məbləği minimum əməkhaqqının 25 mislinədən çox ola bilməz.
Bütün bunlar “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsində nəzərdə tutulub.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında sözügedən qanunun müzakirəsi zamanı Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, qanun layihəsi korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verilməsi, həmin məlumatların qəbulu və araşdırılması, habelə məlumat verən şəxslərin hüquqi müdafiəsi və həvəsləndirilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi məqsədilə hazırlanıb:
“Layihənin əsas məqsədi təşkilatlarda şəffaflığın artırılması, korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi və qarşısının alınması, korrupsiyaya qarşı dözümsüzlük mühitinin formalaşdırılması və belə hüquqpozmaların törədilməsini istisna edən şəraitin yaradılmasıdır».
Beləliklə, layihəyə əsasən, məlumat dərhal qeydiyyata alınmalı və, bir qayda olaraq, 20 iş günü müddətində araşdırılmalıdır. Əlavə materialların əldə edilməsi zərurəti yarandıqda araşdırma müddətinin 10 iş günü uzadılması mümkündür. Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq mülki-hüquqi, inzibati və ya intizam tədbirlərinin görülməsi, cinayət əlamətləri olduqda isə materialların aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulur:
«Məlumat verən şəxslərin müdafiəsi ilə bağlı layihədə onların məlumatlarının konfidensiallığının qorunması, özlərinin, yaxın qohumlarının və qohumlarının təhlükəsizliyinin təmin edilməsi, dövlət hesabına peşəkar hüquqi yardım almaq, məhkəmə xərclərindən azad olunmaq, dəymiş maddi və mənəvi zərərin kompensasiyasını tələb etmək və konfidensial məsləhət almaq hüquqları müəyyən edilir»-deyə A.Nağıyev bildirib.
Yeni qanun korrupsiya haqqında məlumat verən şəxslərlə yanaşı, onların ailə üzvlərinin də qorunmasını təmin edəcək.
«Belə ki, məlumat verən şəxsə, onun yaxın qohumuna və ya qohumuna belə məlumata görə hədə-qorxu, təzyiq, təhdid, təhqir və digər qanunsuz təsirlərin göstərilməsi, habelə məlumat verilməsi ilə əlaqədar iş yerində qisas xarakterli tədbirlərin görülməsi qadağan edilir. Bu çərçivədə intizam tənbehinin tətbiqi, əmək müqaviləsinə xitam verilməsi, vəzifənin və ya iş yerinin dəyişdirilməsi, əməkhaqqından qanunsuz tutulmalar və digər mənfi tədbirlərin tətbiqinə yol verilmir».
Komitə sədri qeyd edib ki, məlumat verən şəxslərin həvəsləndirilməsi məqsədilə layihədə maddi mükafat mexanizmi müəyyən edilir:
«Məlumat təsdiq edildikdə, təşkilat rəhbərinin qərarı ilə məlumat verən şəxsə təşkilatın büdcəsi hesabına mükafat ödənilməsi nəzərdə tutulur. Mükafatın məbləği minimum əməkhaqqının 25 mislindən artıq ola bilməz və onun müəyyən edilməsində hüquqpozmanın xarakteri, faktların sayı, məlumatın əhəmiyyəti, vurulmuş zərər və bərpa edilmiş aktivlərin məbləği nəzərə alınır».
Bundan əlavə, cinayət təqibi nəticəsində xüsusi müsadirə edilmiş əmlak və ya pul vəsaiti hesabına əldə edilmiş vəsaitdən, habelə layihədə nəzərdə tutulan digər hallarda dövlət büdcəsinə ödənişin və ya dövlətə ödənilməsi təmin edilmiş maddi ziyanın 5 faizi məbləğində vəsaitin məlumat verən şəxsə ödənilməsi nəzərdə tutulur:
«Məlumat verən şəxs, onun yaxın qohumu və qohumu korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verməsi ilə əlaqədar olaraq həlak olduqda və ya bədən xəsarəti alması hallarında müvafiq birdəfəlik müavinətlərin ödənilməsi, habelə əmlaka dəymiş zərərin qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya edilməsi nəzərdə tutulur. Qanunun icra vəziyyətini öyrənilməsi, statistikanın aparılması, müvafiq təklif və tövsiyələrin hazırlanması Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının səlahiyyətlərinə aid edilir».













