12 avqust 2021-ci il tarixdə Quba rayon sakini 1967-ci il təvəllüdlü Elman Abbasovun iş yerində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Eləcə də bax: Pambıq sexində iş qəzasına səbəb olan direktor və digər şəxslərin - MƏHKƏMƏSİ BAŞLAYIR
Quba rayon prokurorluğundan FED.az-a verilən məlumata görə, istintaqla müəyyən olunub ki, “NB Construction” MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunmuş Elman Abbasov Quba şəhərində tikilməkdə olan “xeyir-şər evi”nin inşası zamanı yükqaldırıcının mexanizminin pozulması nəticəsində hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
“NB Construction” MMC-nin direktoru Namidar Bəhlulov Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Həmçinin, Namidar Bəhlulov tərəfindən əmək qanunvericiliyinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi faktına görə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə və Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba Regional Ərazi şöbəsinə göndərilib.