Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzi müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, fəaliyyətin təkmilləşdirilməsi üçün təhlillərin aparılması və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Çağrı Mərkəzi iş vaxtı ərzində fasiləsiz olaraq Nazirliyin bütün fəaliyyət sahələri üzrə vətəndaşların müraciətlərinin cavablandırılmasını və yönləndirilməsini həyata keçirir.
Yanvar ayı ərzində “881” Çağrı Mərkəzinə amnistiyanın tətbiqi, məhkəmə qərarlarının icrası, notariat, qeydiyyat, penitensiar sahə, bələdiyyələrin fəaliyyəti, məhkəmə ekspertizası, probasiya və digər aidiyyəti sahələr üzrə daxil olan 14.600 müraciətdən 14.344-ü cavablandırılıb. Vətəndaşlara göstərilən xidmət səviyyəsi (daxil olan zənglərin 30 saniyə ərzində cavablandırmaya qəbul faizi) 90.43 faiz olub, habelə zənglər üzrə orta xidmət müddəti 2 dəqiqə 10 saniyə təşkil edib.
Bundan başqa, Çağrı Mərkəzində müraciətlərin birbaşa cavablandırılması ilə yanaşı ən son innovativ həlləri əks etdirən proqram təminatı vasitəsilə interaktiv səsli menyu, “geriyə zəng” və “zəng sifarişi” xidmətləri ilə ay ərzində 256 itirilmiş zənglə əks əlaqə yaradılıb və qeyri-iş günlərində müraciət edən 445 vətəndaşın suallarının cavablandırılması təmin edilib.
Xidmət keyfiyyətinin dəyərləndirilməsi məqsədilə zəng bitdikdən sonra Çağrı Mərkəzi tərəfindən vətəndaşlara SMS göndərilir. Vətəndaşlar həmin SMS-dəki linkə daxil olub qısa sualları cavablandıraraq və əlavə şərh yazaraq göstərilən xidməti qiymətləndirə bilərlər.
Ədliyyə Nazirliyi Çağrı Mərkəzinin inkişaf etdirilməsi, qanunvericiliyin tələblərinə və müasir standartlara uyğun təşkili, vətəndaş məmnunluğunun, operativliyin və göstərilən xidmətin keyfiyyətinin artırılması üçün davamlı olaraq tədbirlər həyata keçirir.












