Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzi müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, fəaliyyətin təkmilləşdirilməsi üçün təhlillərin aparılması və vətəndaş məmnunluğunun artırılmasını təmin edir.
Çağrı Mərkəzi iş vaxtı ərzində fasiləsiz olaraq Nazirliyin bütün fəaliyyət sahələri üzrə vətəndaşların müraciətlərinin cavablandırılmasını və yönləndirilməsini həyata keçirir.
Sentyabr ayı ərzində “881” Çağrı Mərkəzinə məhkəmə qərarlarının icrası, məhkəmə ekspertizası, bələdiyyələrin fəaliyyəti, notariat, qeydiyyat, penitensiar, probasiya və digər aidiyyəti sahələr üzrə daxil olan 14.251 müraciətdən 13.920-si cavablandırılıb. Vətəndaşlara göstərilən xidmət səviyyəsi (daxil olan zənglərin 30 saniyə ərzində cavablandırmaya qəbul faizi) 90 faiz təşkil edib, habelə vətəndaşların müraciətlərinə orta hesabla 1 dəqiqə 33 saniyə ərzində cavab verilib.
Bundan başqa, Çağrı Mərkəzində müraciətlərin birbaşa cavablandırılması ilə yanaşı ən son innovativ həlləri əks etdirən proqram təminatı vasitəsilə interaktiv səsli menyu, “geriyə zəng” və “zəng sifarişi” xidmətləri vasitəsilə ay ərzində 331 itirilmiş zənglə əks əlaqə yaradılıb və qeyri-iş günlərində müraciət edən 358 vətəndaşın suallarının cavablandırılması təmin edilib.
Ədliyyə Nazirliyi Çağrı Mərkəzinin inkişaf etdirilməsi, qanunvericiliyin tələblərinə və müasir standartlara uyğun təşkili, vətəndaş məmnunluğunun, operativliyin və göstərilən xidmətin keyfiyyətinin artırılması üçün davamlı olaraq tədbirlər həyata keçirir.