Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində görülən işlərdən biri kimi iqtisadiyyatın bütün sahələrində sahibkarlıq subyektlərinin formalaşmasına dövlət səviyyəsində geniş imkanların yaradılması, habelə bu istiqamətdə qanunvericilik aktlarının qəbul edilməsi və uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi əlverişli formalaşmış biznes və investisiya mühitinin daha da güclənməsinə təkan verib.
Eləcə də bax: Bankın vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi - MƏHKƏMƏYƏ GÖNDƏRİLİB
Bununla yanaşı, dövlətin iqtisadiyyatın inkişafı sahəsindəki siyasətinə kölgə salan bəzi sahibkarlıq subyektləri tərəfindən yol verilən korrupsiya və rüşvətxorluq kimi qanunsuz hallara qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.
Bu barədə FED.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, “Fakt Araşdırıcı-N” MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Qida Təhlükəsizliyi Dövlət Agentliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.
Araşdırma zamanı MMC-nin təsisçisi və direktoru Zeynal Məmmədovun 2017-2020-ci il tarixlərdə rəhbərlik etdiyi cəmiyyətə işə götürmək adı ilə vətəndaşlardan ümumilikdə 31 epizod üzrə cəmi 17 min manat məbləğində pulu bir neçə dəfə rüşvət kimi istəyərək almasına əsaslı şübhələr müəyyən edilmişdir.
Araşdırmalarla həmçinin, Z.Məmmədovun öz qulluq mövqeyindən istifadə etməklə aldığı rüşvətin həqiqi mənbəyini gizlətmək məqsədilə ianə adı altında rəsmiləşdirmək üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək maliyyə əməliyyatları həyata keçirib həmin pul vəsaitini təkrarən leqallaşdırmasına şübhələr üçün əsaslar müəyyən edilmişdir.
Faktla bağlı Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 193-1.2.2, 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş küllü miqdarda pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə təkrar leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.
Z.Məmmədova həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.
Qeyd edilən hüquqi şəxsin barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanmışdır.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək “961” nömrəli “Çağrı Mərkəzi” və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.