Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında qətl baş verib.
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Goranboy rayon prokurorluğundan verilən məlumata görə, oktyabrın 8-si saat 13 radələrində Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin Mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla qeyd edilən Mərkəzin baş mühasibi vəzifəsində çalışan 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.