Bu ilin əvvəlindən indiyədək Azərbaycanda 8 min nəfərin ölkədən çıxışına qadağa qoyulub. Bu barədə FED.az-a Ədliyyə Nazirliyinin İcra İdarəsindən bildirilib. Məlumata görə, il ərzində 8 min borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. Buna səbəb onların məhkəmə qərarlarını icra etməməsi olub. Bunlardan 2100-ə yaxın şəxs məhkəmə qərarını icra etdiklərinə görə onlardan məhdudiyyət götürülüb.
Qeyd edək ki, vətəndaşlar xaricə çıxışlarına qadağa qoyulub qoyulmadığını özləri də dəqiqləşdirə bilərlər. Bunun üçün Ədliyyə Nazirliyinin “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edilməlidir.
Bu xidmətdən istifadə edən vətəndaşlar öz şəxsiyyət vəsiqələrinin göstəricilərini daxil etməklə adlarının ölkədən çıxışına qadağa qoyulanlar arasınlda olub-olmadığını öyrənə biləcəklər.
Elektron xidmət pulsuzdur. Xidmətdən istifadə etmək üçün http://85.132.96.196/WebForms/VVA_13.aspx linkinə daxil olmaq lazımdır.
İdarədən bildirilib ki, 2018-ci ildə icrası təmin edilən işlərin sayı 320 minə yaxın təşkil edib, fiziki, hüquqi şəxslərə və dövlət büdcəsinə, o cümlədən vergi borcları ilə bağlı 190 milyon manata yaxın vəsait ödətdirilib. İcra sənədlərinin icrasından qərəzli boyun qaçıran, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 2392 nəfər inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 1489 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, inzibati məsuliyyətə cəlb olunmaya dair məhkəmə qərarından nəticə çıxarmayan 220 şəxs barəsində cinayət işi başlanılıb.