"Milli Məclisə təqdim edilən yeni layihədə cinayətin dekriminallaşdırılması nəzərdə tutulur, 10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılır, 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılır".
Eləcə də bax: "Cinayət Məcəlləsinə 200-dək dəyişiklik - TƏKLİF OLUNUR"
FED.az xəbər verir ki, bu barədə millət vəkili, parlamentin Hüquqi siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Kamal Cəfərov bildirib.
Onun sözlərinə görə, 3 cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunur: "30 cinayətə görə sanksiyalara azadlıqdan məhrum etməyə alternativ cəzalar (cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması) daxil edilir. 60 cinayətə görə cərimə və ya azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutulur. Məhkumluğun götürülməsi ilə bağlı mövcud hüquqi boşluq da aradan qaldırılır. Bu dəyişikliyə qədər, məhkəmə şəxsin məhkumluğunun götürülməsi barədə qərar qəbul edirdi. Lakin həmin şəxsin əlavə cəzası bəzi hallarda üzərində qalırdı. Yeni dəyişiklik imkan verir ki, məhkəmə şərti məhkum etməni ləğv edən zaman məhkumu tamamilə və ya qismən əlavə cəzadan azad etsin".