Sumqayıtda “İdeal Kərpic Zavodu” MMC-yə məxsus zavodun tikintisi zamanı fəhlə Güloğlan Allahverdiyev hündürlükdən yıxılaraq ölüb, cinayət işi açılıb.
Eləcə də bax: Bakı Hava Limanında kran aşıb - BİR NƏFƏR ÖLÜB
Bu barədə FED.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, sentyabrın 22-si saat 08 radələrində 1993-cü il təvəllüdlü Güloğlan Allahverdiyevin xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla müəyyən edilib ki, Güloğlan Allahverdiyev sentyabrın 16-da fəhlə kimi işlədiyi Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən “İdeal Kərpic Zavodu” MMC-yə məxsus zavodun tikintisi zamanı 5 metr hündürlükdən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə istintaq hərəkətləri davam etdirilir.