Fövqəladə Hallar Nazirliyi (FHN) fevralın 5-də ölkə ərazisində baş vermiş yeraltı təkanlar nəticəsində dəymiş ziyanla bağlı araşdırmalara başlayıb.
FED.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, aparılan araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.
"AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, 05.02.2019-cu il tarixində saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
Qeyd olunan ərazilərdə zəlzələ nəticəsində dəymiş ziyan araşdırılır. Əlavə Məlumat veriləcək", - deyə məlumatda bildirilir.
Eləcə də bax: Azərbaycanda 6 bal gücündə - ZƏLZƏLƏ OLDU
Daha əvvəl, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi ilk olaraq Ağsu rayonunda 4,4 (saat 23:19), ardınca İsmayıllı rayonunda 6 (23:31), ardınca yenə Ağsuda 3,4 maqnituda gücündə (23:37) zəlzələnin baş verməsi barədə məlumat yayıb. Yeraltı təkanlar Pirqulu stansiyasından müvafiq olaraq, 7 km cənubda, 11 km cənub-qərbdə və 8 km qərbdə qeydə alınıb.
ETSN-in məlumatına görə, yeraltı təkanlar Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib.
Zəlzələ zamanı Şamaxı rayonunda dağıntılar baş verib. Nəticədə 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.