Bu ilin yanvar-avqust aylarında xaricdən Azərbaycana ümumilikdə 1 milyard 110 milyon 905 min dollar dəyərində 58 min 939 ədəd avtomobil gətirilib.
FED.az Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, 2023-ci ilin yanvar-avqust ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 10% və ya 6 787 ədəd azalıb, dəyəri baxımından 4% və ya 42 milyon 564 min dollar artıb.
2023-cü ilin müvafiq dövründə Azərbaycana 1 milyard 68 milyon 341 min dollar dəyərində 65 min 726 ədəd avtomobil idxal edilib.
Bu dövrdə 1 ədəd avtomobilin idxal qiyməti 18 min 848 dollar (32 min 42 manat), ötən ilin eyni dövründə isə 16 min 254 dollar (27 min 633 manat) olub. İdxal qiyməti son bir il ərzində 2 min 594 dollar (4 min 410 manat), yəni 16% artıb
Hesabat dövründə idxal olunan avtomobilərin 14 milyon 395 min dollar dəyərində 165 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 973 milyon 441 min dollar dəyərində 53 min 6 ədədi minik avtomobilləri, 387 milyon 875 min dollar dəyərində 13 min 504 ədədi hibrid, 78 milyon 483 min dollar dəyərində 1 971 ədədi elektromobillər, 91 milyon 967 min dollar dəyərində 5 465 ədədi yük, 31 milyon 102 min dollar dəyərində 303 ədədi isə xüsusi təyinatlı avtomobillər olub.