Rusiya hökuməti Ermənistan mallarının ölkəyə gətirilməsi və satışına qadağa qoymağa başlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, artıq Rusiyanın müxtəlif dövlət qurumlarının qərarları ilə Ermənistandan Rusiyaya gətirilən gül-çiçək, erməni konyakı və şərabları, meyvə-tərəvəz, hətta mineral suların idxalı və satışı qadağan edilib.
Ermənistan mallarına qadağaların qoyulması məşhur «Rospotrebnadzor»un (İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmət) qərarları ilə başlayıb. Onun qərarı ilə «Vedi-Alco», Abovyan Brendi Zavodu və Şahnazaryan Şərab və Konyak Evinin məhsullarına qadağa qoyulub.
Agentliyin məlumatına görə, laboratoriya müayinələri «Getap Vernaşen» qırmızı yarımşirin şərabında, «Vedi Alco» quru ağ şərabında, «Ermənistan» 5-Ulduzlu Konyakında və Şahnazaryan XO konyakında məcburi fiziki və kimyəvi parametrlərə uyğunsuzluq aşkar edib.
Daha əvvəl isə «Rospotrebnadzor» Cermuk mineral suyunun idxalını və satışını qadağan etmişdi - onun kimyəvi tərkibinin etiketdə göstərilənə uyğun gəlməməsi və bikarbonat ionları səviyyəsini aşması səbəbindən.
Mayın 22-də "ölkənin fitosanitar təhlükəsizliyini və ixrac potensialını qorumaq" üçün Rusiyaya Ermənistan güllərinin idxalına qadağa qüvvəyə minib.
Xatırladaq ki, idxal bazarının bağlanması Rusiya hökumətinin qarşı tərəfi «cəzalandırmaq» üçün tez-tez tətbiq etdiyi üsullardandır.
Moskva bu addımları ilə bir tərəfdən Ermənistanı Ukrayna prezidenti Volodymyr Zelenskinin Ermənistanda keçirilən Avropa Siyasi Birliyi sammitinə səfərinə görə «cəzalandırır». Digər tərəfdən isə seçki ərəfəsində olan və faktiki olaraq Rusiyavə Avropa arasında seçim edəcək Ermənistan cəmiyyətinə Rusiyanı seçməsələr nə baş verəcəyi barədə xəbərdarlıq edir.













