Bakı Hava Limanında xarici ölkədən gələn Azərbaycan vətəndaşı gömrük rusumlarından yayınmaq məqsədilə özü ilə gətirdiyi mobil telefonları sərnişinlərə paylayıb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Komitənin məlumatına görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə gömrük nəzarətindən və gömrük ödənişlərindən yayındırılmaqla paylama üsulu ilə gətirilməyə cəhd göstərilən xeyli miqdarda mallar aşkar edilib.
Ciddə-Bakı aviareysi ilə gələn Azərbacan Respublikası vətəndaşı digər sərnişinlərə payladığı 5 ədəd "İphone17", 4 ədəd "İphone16", 15 ədəd "apple" markalı qələm, 8 ədəd "apple" markalı qulaqcıq və 5 ədəd ətiri onlardan qəbul edərkən saxlanılıb.
Maraqlıdır ki, «gizlədilmə əməliyyatını» aparan şəxs sərnişinlərə verdiyi telefonları aeroport ərazisində geri alırmış. Faktla bağlı araşdırma aparılır.
Dövlət Gömrük Komitəsi isə xaricə səyahət edən vətəndaşlara bir daha xəbərdarlıq edib ki, xarici ölkələrdə tanımadıqları şəxslərdən götürdükləri əşyalar gömrük sərhədindən keçirilən zaman hüquqi məsuliyyət yarada bilər.