Bu ilin birinci yarısında Azərbaycana idxal olunan mal və məhsulların dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 181 milyon dollar və ya 27,6% azalaraq 8 milyard 341,1 milyon dollara düşüb.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxalın həcminin kəskin azalmasının əsas səbəbi dövlətin idxalı azaltması olub.
Belə ki, hesabat dövründə idxal olunan məhsulların 643,6 milyon dolları dövlət sektorunun, 6 milyard 969,9 milyon dolları özəl sektorun, 727,6 milyon dolları fiziki şəxslərin payına düşüb.
Ötən ilin birinci yarısı ilə müqayisədə dövlət sektoru idxalı 3 milyard 490,9 milyon dollar (6,4 dəfə), fiziki şəxslər idxalı 285,1 milyon dollar (28,2%) azaldıb, özəl sektor idxalı 595 milyon dollar (9,3%) artırıb,
Xatırladaq ki, 2025-ci ilin ilk yarısında Azərbaycana idxal olunan məhsulların 4 milyard 134,5 milyon dolları dövlət sektorunun, 6 milyard 374,9 milyon dolları özəl sektorun, 1 milyard 12,7 milyon dolları fiziki şəxslərin payına düşmüşdü.
Məlumat üçün bildirək ki, bu ilin birinci yarısında Azərbaycanın xarici ticarət dövriyyəsi illik müqayisədə 261 milyon dollar və ya 1,1% artaraq 24 milyard 661,3 milyon dollara çatıb. Xarici ticarət dövriyyəsinin 16 milyard 320,2 milyon dolları ixracın, 8 milyard 341,1 milyon dolları idxalın payına düşüb. Ötən ilin birinci yarısı ilə müqayisədə ixracın həcmi 3 milyard 442 milyon dollar (26,7%) artıb, idxalın həcmi isə 3 milyard 181 milyon dollar (27,6%) azalıb. Xarici ticarətin müsbət saldosu 6 milyard 623 milyon dollar, yaxud da 5,9 dəfə artaraq 7 milyard 979,1 milyon dollara bərabər olub.














