2025-ci ilin ilk 6 ayında Azərbaycana idxal olunan gübrələrin miqdarında cüzi azalma müşahidə olunsa da, ümumi dəyərdə və orta idxal qiymətində nəzərəçarpacaq artım baş verib. Hesabat dövründə ölkəyə 95 min 208 ton gübrə gətirilib.
6 ayda 23 min hibrid avtomobil gətirildi, qiymətlər kəskin endi - RƏQƏMLƏR
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 772 ton və ya 0,8 faiz azdır. 2024-cü ilin ilk yarısında idxal həcmi 95 min 980 ton təşkil etmişdi.
Buna baxmayaraq, gübrə idxalına xərclənən ümumi məbləğ artıb. Əgər 2024-cü ildə bu məhsulun idxalına 41 milyon 452 min 620 dollar yönəldilmişdisə, 2025-ci ildə bu rəqəm 46 milyon 354 min 310 dollara yüksəlib. Bu isə 11,82 faiz və ya 4,9 milyon dollardan çox artım deməkdir.
Orta idxal qiyməti də artıb. 2024-cü ildə 1 ton gübrənin orta idxal qiyməti 431 dollar 88 sent olduğu halda, bu il həmin göstərici 486 dollar 87 sentə çatıb. Bu, 12,73 faiz qiymət artımı deməkdir.
Manatla hesablandıqda isə 1 kiloqram gübrənin idxal qiyməti ötən il 0,73 manat olduğu halda, 2025-ci ilin ilk 6 ayında bu rəqəm 0,83 manata yüksəlib. Yəni qiymət fərqi 0,093 manat, faiz baxımından isə təxminən 12,73 faiz təşkil edib.