Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Honeywell” şirkətinin yüksək artım tempi olan regionlar üzrə prezidenti və baş icraçı direktoru Anant Maheşvarinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
SOCAR “Özbəkneftqaz” ilə perspektiv əməkdaşlıq imkanlarını müzakirə edib
FED.az xəbər verir ki, Neft Şirkətinin yaydığı məlumatda bildirilir ki, görüşdə SOCAR ilə “Honeywell” şirkəti arasında uzunmüddətli və səmərəli əməkdaşlıqdan, bu xüsusda “Star” neft emalı zavodunun (NEZ) inşası, Heydər Əliyev adına neft emalı zavodunun modernləşdirilməsi layihələrində birgə fəaliyyətdən məmnunluq ifadə edilib.
Söhbət zamanı Azərbaycanın “yaşıl enerji” siyasəti və ölkəmizdə bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verilib.
Tərəflər sənayenin rəqəmsallaşdırılması, dayanıqlılıq, enerji keçidi, insan kapitalının inkişafı istiqamətləri üzrə əməkdaşlıq, həmçinin bərpaolunan enerjiyə həsr olunan beynəlxalq tədbirlərdə birgə iştirak imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə şirkətlər arasında regionun enerji sənayesinin avtomatlaşdırılması və enerji keçidinin inkişafı məqsədilə Əməkdaşlıq Sazişi imzalanıb.
Sənəd enerji sektorunun rəqəmsallaşdırılmasının dəstəklənməsi, emissiyaların azaldılması, təhlükəsizlik, innovativ həllər üzrə əməkdaşlığı nəzərdə tutur.