"BP-Azərbaycan" 2022-ci ilin üçüncü rübünün yekunları üzrə biznes əməliyyatları hesabatını açıqlayıb.
Eləcə də bax: «BP-Azərbaycan»ın yerli işçilərinin - SAYI ARTIB
FED.az hesabatı təqdim edir.
Biznes əməliyyatları haqqında bu məlumat Azəri-Çıraq-Günəşli yatağının əməliyyatçısı, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin idarəedicisi, həmçinin BTC boru kəmərinin və Cənubi Qafqaz Boru Kəmərinin ümumi əməliyyatçısı kimi çıxış edən “BP Exploration (Caspian Sea) Limited” şirkətinin, eləcə də Şahdəniz yatağının əməliyyatçısı kimi çıxış edən “BP Exploration (Shah Deniz) Limited” şirkətinin, bu qurumların hər biri öz layihəsinə aid məlumatı təmin etməklə və öz layihəsinə tətbiq edilən açıqlamaları verməklə, birgə məlumatdır.
Azəri-Çıraq-Günəşli (AÇG)
AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
2022-ci ilin ilk üç rübü ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 337 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 204 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.
Üçüncü rüb ərzində Azəri Mərkəzi Şərqi (ACE) platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam etmişdir. Qazma modullarının üst tikililər blokuna inteqrasiyası işləri irəliləmişdir – modullu qazmaya dəstək modulu və qazma avadanlığı dəsti hər ikisi artıq istismar sınaqlarına təhvil verilib, qazma qurğusun sürüşdürülməsi əməliyyatları üzrə istismar sınaqları başlanıb.
Bundan əvvəl 2350 tonluq modullu qazmaya dəstək modulu və çəkisi 2400 ton olan qazma avadanlığı dəsti təhlükəsiz şəkildə lazım olan hündürlüyə - təxminən 27 metr yüksəkliyə - qaldırılaraq uğurla göyərtənin üzərinə sürüşdürülmüşdü. Bu, çox dəqiqliklə hesablanmış mürəkkəb bir “qaldırma və sürüşdürmə” əməliyyatı idi və bütün dünya üzrə bp-də ilk dəfə idi ki, icra olunurdu.
Üst tikililərin mexaniki tamamlanması işlərinin təhvil verilməsi istismar sınaqlarının yekunlaşmasına ciddi dəstək olaraq irəliləmişdir. Ümumilikdə, üst modulların istismar sınaqları 50% tamamlanmışdır.
Yaşayış modullarının helikopter meydançası üçün üçüncü tərəfin apardığı sınaq sertifikasiyası başa çatmışdır. Yaşayış modullarının mexaniki tamamlanması işlərinin təhvil verilməsi qalan yalnız iki hissə ilə yekunlaşacaqdır.
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi tamamlanmışdır. Dayaq bloku 2023-cü ilin əvvəlinə planlaşdırılan barjaya yüklənmə əməliyyatına, demək olar ki, hazırdır.
STB-01 daşıma barjasında lazım olan modifikasiya işləri aparılmış və barjanın tələb olunan dərəcə üzrə sertifikasiyası təzələnmişdir. Bundan sonra, barja Bakı Dərin Özüllər Zavoduna gətirilmiş və orada reaktivasiya və yırğalanmanı azaldan avadanlığın quraşdırılması işləri başlanmışdır.
ACE layihəsi üçün lazım olan boru xətlərinin bağlanması üzrə bütün işlər bitdikdən sonra Mərkəzi Azəri və Şərqi Azəri platformaları arasındakı yataqdaxili qaz ixrac boru xətti yenidən uğurla işə salınmışdır.
Xankəndi sualti tikinti gəmisi ACE-in neft üçün çıxarıla bilən təcridetmə tıxacı və izolyasiya konstruksiyasını (PRIS/Wye konstruksiyası) dəniz dibində quraşdırmış, bundan sonra isə dalğıc gəmisi neft sistemi sarğaclarının bütün metroloji işlərini tamamlamışdır.
İsrafil Hüseynov borudüzən gəmisi 16 düymlük sualtı suvurma boru xəttinin inşasını bitirmişdir.
Səngəçal terminalında ACE əməliyyatlarının qurudan idarə olunması üçün aparılan tikinti işləri və bununla bağlı istismar sınaqları bitmişdir və platformanın üst modulları ilə inteqrasiya işləri başlanmışdır.
ACE layihəsi çərçivəsində həmçinin Mərkəzi Azəri platformasında ACE üçün lazım olan sualtı neft ixrac boru kəmərinin birləşdirilməsi işləri də başlanmışdır.
2022-ci ilin üçüncü rübünün sonuna ACE layihəsi üzrə işlər ümumilikdə 80% tamamlanmışdı.
Ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma fəaliyyətlərinin 2023-cü ildə başa çatması üçün bütün işlər qrafikə uyğun davam edir.
Hasilat
Üçüncü rübdə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İlk üç rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (25 000), Mərkəzi Azəri (105 000), Qərbi Azəri (108 000), Şərqi Azəri (63 000), Dərinsulu Günəşli (77 000) və Qərbi Çıraq (40 000) platformalarından birlikdə – gündə orta hesabla 418 000 barel və ya ümumilikdə təxminən 114 milyon barel, yəni 15 milyon ton olub.
Rübün sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 33 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.
AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
2022-ci ilin ilk üç rübündə AÇG-də 11 neft hasilatı və iki su injektor quyusu tamamlanmışdır.
Səmt qazı
2022-ci ilin ilk üç rübündə AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla
8 milyon kubmetr, ümumilikdə isə 2,2 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
Səngəçal terminalı
Üçüncü rübdə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
2022-ci ilin ilk üç rübü ərzində terminal təxminən 171 milyon barel neft və kondensat, o cümlədən 164 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 7 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.
İlk üç rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 67 milyon standart kubmetr (təxminən 2 milyard 362 milyon standart kubfut) Şahdəniz qazı göndərilmişdir.
Bakı-Tbilisi-Ceyhan (BTC)
BTC Ko.-nun səhmdarları: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləridir.
2022-ci ilin ilk üç rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təxminən 74 milyon dollar, əsaslı xərclərə isə 17 milyon dollar vəsait xərclənmişdir.
Martın 23-də BTC boru kəməri Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ixrac olunmuş neftin yüklənildiyi 5000-ci tankerin yola salınmasını qeyd etdi.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin üçüncü rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 524 milyon tondan çox (3,93 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 5163 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
İlk doqquz ay ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 22 milyon ton (təxminən 164 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 224 tankerə yüklənmiş və yola salınmışdır.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də nəql olunur.
Şahdəniz
Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), SOCAR (14,35%), NİKO (10,0%), Cənub Qaz Dəhlizi (6,67%).
2022-ci ilin ilk üç rübü ərzində Şahdəniz üzrə fəaliyyətlərə təxminən 1 milyard 772 milyon dollar əməliyyat xərcləri və təxminən 314 milyon dollar əsaslı xərclər çəkilmişdir. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.
Hasilat
Üçüncü rüb ərzində Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir.
İlin ilk doqquz ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 18 milyard standart kubmetr qaz və 3 milyon tondan artıq (təqribən 27 milyon barel) kondensat hasil edilmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 73 milyon (ildə 26,5 milyarddan artıq) standart kubmetrdir.
Şahdənizin illik iş proqramının bir hissəsi olaraq üçüncü rübdə Şahdəniz Alfa platformasında və Səngəçal terminalındakı Şahdəniz 1 qurğularında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilmişdir. Plana əsasən Şahdəniz Alfa platformasından hasilat təxminən 14 gün ərzində dayandırılmışdı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu proqram tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılmışdır.
Şahdəniz 2 layihəsi
2022-ci ilin üçüncü rübündə Şahdəniz 2 layihəsi çərçivəsində qərb-cənub cinahından hasilata başlanmışdır.
Üçüncü rübdə həmçinin şərq-şimal cinahında sualtı quraşdırma işləri başlamışdır və burada ilk sualtı elastik kabel uğurla quraşdırılmışdır.
Qazma əməliyyatları
Üçüncü rübdə Şahdəniz Alfa platformasında planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirilmiş, sonra isə platformanın qazma qurğusunda profilaktik işlər davam etmişdir.
İstiqlal və Maersk Explorer qazma qurğuları Şahdəniz 2 layihəsi çərçivəsində ümumilikdə 21 quyu qazıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.
Cənubi Qafqaz Boru Kəməri (CQBK)
Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), SOCAR (14,35%), NİKO (10,00%), Cənub Qaz Dəhlizi (6,67%).
İlin ilk üç rübü ərzində CQBK-nin əməliyyat xərcləri təqribən 49 milyon dollar, əsaslı xərclər isə təqribən 4 milyon dollar olub.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
İlin ilk doqquz ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 56,1 milyon kubmetr olmuşdur.
Geoloji kəşfiyyat
Şəfəq-Asiman dəniz blokunda SAX01 kəşfiyyat quyusunun qazılması 2021-ci ilin mart ayında Fasilə lay dəstində 7189m dərinlikdə tamamlanıb. Quyunun keçdiyi lay dəstlərində qaz-kondensat ehtiyatları aşkar edilib. Hazırda ilkin seysmik məlumatların emalı da daxil olmaqla qazma zamanı quyudan əldə edilmiş məlumatların təhlili aparılır. Bunun ardınca isə nəticələrin interpretasiyası həyata keçiriləcək. Bu təhlil karbohidrogen ehtiyatlarını dəyərləndirmək və kəşfiyyat işlərinin növbəti mərhələsini planlaşdırmaq üçün lazımdır.
Abşeron yarımadasının dayazsulu hissəsi (AYDH) layihəsi çərçivəsində üçüncü geoloji-kəşfiyyat quyusu - QBDX01 - 2022-ci ilin may ayında təhlükəsiz şəkildə bağlanmış və daimi tərk edilmişdir. Saziş sahəsinin cənub şərq hissəsində qazılmış bu quyuda iqtisadi cəhətdən səmərəli karbohidrogen ehtiyatları aşkarlanmamışdır. Bundan qabaq AYDH çərçivəsində şimal şərq (2021-ci ilin dekabrında bağlanıb və daimi tərk edilib) və qərb (2022-ci ilin martında bağlanıb və daimi tərk edilib) sahələrində qazılmış iki kəşfiyyat quyusu da eyni nəticə ilə bitmişdi. QBDX01 quyusu AYDH layihəsinin kəşfiyyat qazma proqramı üçün planlaşdırılmış fəaliyyətlərin sonuncu mərhələsi idi və bununla qazma proqramı yekunlaşmışdır.
İşçi heyətimiz
Üçüncü rübün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2296 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.
Sosial sərmayələr
Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
2022-ci ilin ilk üç rübü ərzində bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 2,7 milyon dollardan artıq vəsait xərcləmişlər. Üçüncü rübün sosial layihələrinə 10 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən beş layihə və ətraf mühit üzrə iki təşəbbüs daxil olub.
Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2022-ci ilin ilk üç rübü ərzində 1,3 milyon dollardan çox vəsait xərcləyib. Bu layihələrdən yeddisi təhsili, üçü yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını və daha üçü isə ölkədə mədəni irsin və idmanın inkişafını dəstəkləyən təşəbbüslər olub.