Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağından hasilata 2022-ci ilin yayından başlanılması planlaşdırılır.
Eləcə də bax: "Qarabağ" yatağında neft hasilatına 2025-ci ildə - BAŞLANILACAQ
FED.az bu barədə SOCAR-ın illik hesabatına istinadən xəbər verir.
"Yataqdan ilk qaz hasilatının 2022-ci ilin iyul ayında əldə olunması nəzərdə tutulur", - hesabatda qeyd olunub.
Qeyd edək ki, hazırda qaz ehtiyatları 350-360 mlrd. kubmetr (100 mln. ton kondensat) təşkil edən "Abşeron" yatağında infrastrukturun yaradılması aparılır.
"Abşeron" dəniz blokundan kəşfiyyat, inkişaf və paylaşılan saziş haqqında razılaşma 27 fevral 2009-cu il tarixində imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və "Total" (50% – layihənin operatoru) şirkətləridir. Müqavilə 30 il müddətinə imzalanıb.
Qeyd edək ki, 2019-cu ildə yataqda kəşfiyyat-hasilat quyusunun qazılması bitib və o konservasiya edilib.
"Abşeron" qaz-kondensat yatağı Xəzər dənizində, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. Yatağın işlənməsinin I mərhələsində ildə 1,5 mlrd. kubmetr qazın hasilatı nəzərdə tutulur. İkinci mərhələ çərçivəsində "Abşeron" yatağında qaz hasilatı ildə təqribən 5 mlrd. kubmetrə çata bilər.
Yatağın operatoru "SOCAR Absheron" və "Total E&P Absheron" törəmə şirkətlərinin bərabər paylarla iştirak etdiyi JOCAP ("Joined Operating Company Absheron Petroleum") birgə müəssisəsidir. (Apa)