Xəzərin Azərbaycan sektorunda yerləşən "Qarabağ" yatağında ilkin neft hasilatına 2025-ci ildə başlanılacaq.
Eləcə də bax: TAP kəmərilə bu il 8 mlrd. kubmetrədək qaz - Nəql Ediləcək
FED.az xəbər verir ki, SOCAR-ın illik hesabatına əsasən, "Qarabağ" yatağında 2020-ci ilin mart ayında KPS-4 №-li qiymətləndirici quyuda qazma işləri tamamlanıb və hazırda nəticələr təhlil edilir.
Qeyd olunur ki, "Qarabağ" yatağında dənizin 180 metr dərinliyində 12 quyunun qazılması və 20 şaxtalı dərin dəniz özülünün tikintisi nəzərdə tutulur. Hazırda layihənin mühəndisi işləri davam etdirilir.
"Yataqdan ilkin neft hasilatının yenilənmiş cədvələ əsasən 2025-ci ildə əldə edilməsi nəzərdə tutulmuşdur", - hesabatda deyilir.
Qeyd edək ki, ötən ilin martında SOCAR və Norveçin "Equinor" şirkəti “Qarabağ” yatağının kəşf olunduğunu təsdiq edib. Bunun üçün "Dədə Qorqud" üzən qazma qurğusu ilə "Qarabağ" yatağında qiymətləndirmə quyusu qazılıb. Yataqda kəşf edilmiş neft və qaz həcmləri (60 mln. tondan artıq) onun iqtisadi cəhətdən səmərəli işlənməsi üçün yetərlidir. 2020-ci ilin avqustunda "Qarabağ" yatağının dayaq blokunun dənizə yola salınması mərasimi keçirilib.
Xatırladaq ki, "Qarabağ" perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan şərq istiqamətində 120 km aralı, açıq dənizin 150-200 metr dərinliyində yerləşir.
"Caspian International Petroleum Company" (CIPCO) tərəfindən idarə edilən konsorsium 1995-ci ildə imzalanmış "Qarabağ" hasilatın pay bölgüsü sazişi"nə əsasən, 3 kəşfiyyat quyusu qazmışdır. Quyuların ikisi strukturun cənub-şərq hissəsində layların qazla doyumlu olduğunu təsdiqləmiş, bir quyu isə strukturun qərb hissəsində layların neft və qazla doyumlu olduğunu aşkar etmişdir. Saziş 1999-cu ildə iqtisadi baxımdan səmərəli olmayan layihə kimi ləğv edilib.
2018-ci ilin may ayında "SOCAR Karabakh" və "Equinor" şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ" neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi imzalayıblar. Sazişə əsasən şirkətlər bərabər paya malikdirlər. (Apa)