Rusiya Hökuməti, Mərkəzi Bank və “Qazprom” Rusiya prezidenti Vladimir Putinə martın 31-dək “dost olmayan” dövlətlərə qaz nəqli üçün ödəniş valyutasının dəyişdirilməsi ilə bağlı hesabat təqdim etməlidir.
Eləcə də bax: Rusiya dost olmayan ölkələrə qazı rublla satacaq – PUTİNDƏN AÇIQLAMA - VİDEO
FED.az xəbər verir ki, bu barədə Vladimir Putinin imzaladığı sərəncamda bildirilir.
“Rusiya Federasiyası Hökuməti Rusiya Bankı və “Qazprom” ictimai səhmdar cəmiyyəti ilə birlikdə Avropa İttifaqı ölkələrinə və digər ölkələrə təbii qaz tədarükü üçün ödəniş valyutasının dəyişdirilməsi üçün bir sıra tədbirlər həyata keçirməlidir”, - sənəddə deyilir.
Sərəncamın icrası üçün son tarix kimi martın 31-i göstərilib. Həmçinin bundan sonra hökumət, Mərkəzi Bank və "Qazprom" hər ay prezidentə hesabat verməli olacaq. Sərəncamın icrasına cavabdeh Rusiyanın baş naziri Mixail Mişustin, Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina və “Qazprom”un baş direktoru Aleksey Miller təyin edilib.
Martın 23-də Putin qeyri-dost ölkələr siyahısına daxil olan ölkələr üçün qaz ödənişlərinin rubl ilə qəbul edilməsi barədə göstəriş verib. İndiyədək Rusiya qaza görə ödənişləri dollar və avro ilə qəbul edib.
Eyni zamanda, prezident dəyişikliklərin yalnız ödəniş valyutasına təsir edəcəyini və qazın nəqli prosesinin özünə təsir etməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, Rusiya bu ölkələrə təbii qazı əvvəllər bağlanmış müqavilələrdə qeyd olunan həcm və qiymət prinsiplərinə uyğun olaraq tədarük edəcək.
Prezident hökumətdən “Qazprom”a mövcud müqavilələrə dəyişiklik etmək barədə göstəriş verməyi xahiş edib. Qazın rublla ödənilməsi qaydasını Mərkəzi Bank müəyyən etməli idi. (Marja)