Rusiya dost olmayan ölkələrə, o cümlədən ABŞ və Avropaya qazı rublla satacaq.
FED.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabinetinin toplantısında bildirib.
«Qərər qəbul etmişəm ki, qazın ödənişi ilə bağlı kompleks tədbirlər həyata keçirək. Qazın ödənişinin rublla həyata keçirilməsindən başlayacağıq. Bundan sonra dost olmayan ölkələr adlandırılan ölkələrə qaz satışı rublla həyata keçiriləcək»-deyə Vladimir Putin bildirib.
Putin bildirib ki, Rusiyaya tətbiq edilən sanksiyalar, o cümlədən Rusiyanın vəsaitlərinin dondurulması ilə Qərb ölkələri öhdəliklərinə əməl etməyiblər və dolların dünyada etibarlı ödəniş vasitəsi olmadığını göstəriblər. «buna görə də, mallarımızı Aİ və ABŞ-a göndərib ödənişi dollar və avro ilə almağın mənası yoxdur»- deyə Putin bildirib.
Putin Rusiya Mərkəzi Bankına və hökumətə göstəriş verib ki ,1 həftə ərzində Avropa ilə əməliyyatların rublla aparılması ilə bağlı qaydanı hazırlasınlar. Eləcə də «Qazprom»a göstəriş verilib ki, qazın satışı ilə bağlı bütün ödənişlərin rublla həyata keçirilməsini təmin etsin.
Putinin bu bəyanatından sonra Rusiya birjasında rublun məzənnəsi 8%-dən çox yüksəlib, dolların məzənnəsi 3 mart tarixindən ilk dəfə olaraq 100 rubldan aşağı enib və gün ərzində 1 dollar 94-95 rubla düşüb.
Amma sonradan dollar yenidən bahalaşaraq 101 rubla yüksəlib. Avro isə 111 rubl olub.