Türkmənistan qazının Xəzərin bu tayına ötürülməsini nəzərdə tutan Transxəzər qaz kəməri layişəsi Azərbaycanın təşəbbüsü ilə başlayacaq layihə deyil. Bununla bağlı təşəbbüsü Türkmənistan qaldıra bilər.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev iyulun 21-də Şuşada keçirilən qlobal media forumunda jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Görüşdə italiyalı jurnalist Maurisio Geri prezidentdən türkmənistan qazının Xəzərin bu tayına köçürülməsini nəzərdə tutan Transxəzər qaz kəmərinin perspektivi və Azərbaycanın, eləcə də İtaliya və Avropanın bu layihəyə dəstəyi barədə soruşub.
Prezident İlham Əliyev xatırladıb ki, bu layihə Azərbaycanın deyil və onun təşəbbüsü ilə başlana bilməz, bununla bağlı təşəbbüsü Türkmənistan qaldıra bilər: «Transxəzər Qaz Boru Kəməri ilə əlaqədar mən artıq bir neçə dəfə mövqeyimi bildirmişəm. Bir daha təkrar etmək istəyirəm ki, bu, Azərbaycanın təşəbbüsü ilə başlayacaq bir layihə deyil. Çünki Azərbaycanın təşəbbüskarı olduğu layihələr həmin o layihələrdir ki, bu, ölkələrin resurslarına əsaslansın».
Dövlət başçısı buna misal olaraq Azərbaycanı qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi layihəsini göstərib: «Biz o layihənin təşəbbüskarıyıq, əsas səhmdarlarından biriyik və əslində biz o layihənin bütün dövlətlərarası, hökumətlərarası sazişlərinin də əlaqələndiricisi kimi çıxış edirik. Bildiyiniz kimi, bu layihə müvəffəqiyyətlə icra olunmuşdur və artıq iki ildir ki, Azərbaycan Avropaya əhəmiyyətli qaz tədarükçüsünə çevrilmişdir».
Nəticədə Avropa Komissiyasının Prezidenti Azərbaycanı etibarlı tərəfdaş, Avropa İttifaqının enerji komissarı isə Azərbaycanı panAvropa qaz tədarükçüsü adlandırır. Əliyev xatırladıb ki, ilin sonuna qədər əlavə iki Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevriləcək.
Transxəzər layihəsinə gəlincə, ba layihə bir ideya olaraq Türkmənistanın qaz ehtiyatlarına əsaslanır. Odur ki, bu təşəbbüsün irəli sürülməsi və yaxud ona sərmayə yatırılması Azərbaycandan asılı deyil.
Prezident bildirib ki, Azərbaycan bu prosesdə Türkmənistana infrastruktur təklif edə və ya yeni kəmər tikintisi üçün ərazi təklif edə bilər: «Biz nə edə bilərik? Biz tərəfimizdən mövcud infrastrukturumuzu təklif edə bilərik və yaxud müəyyən ərazi təklif edə bilərik ki, yeni infrastruktur inşa edilsin. Lakin, eyni zamanda, onu unutmamalıyıq ki, bu gün Azərbaycan üç il əvvəl inşa edilən boru kəmərinin genişləndirilməsi ilə məşğuldur. Nəyə görə? Çünki tələbat artır. TAP boru kəməri 10 milyard kubmetrə hesablanmışdısa, 20 milyard kubmetrə qaldırılmalıdır. TANAP 16-dan 32-yə qaldırılmalıdır. Bu, əvvəllər bizdən gözlənilmirdi. Lakin indi gözlənilir və vəziyyət dəyişib. Odur ki, biz genişlənmə haqqında niyə danışırıq? Azərbaycan daha çox qaz istehsal edəcək və hər yeni il əvvəlki ildən daha çox istehsal edir. Məsələn, 2021-ci ildə biz 19 milyard kubmetr ixrac edirdik, keçən il artıq 22-yə qalxmışdır və cari ildə 24 olacaq».
Prezident xatırladıb ki, son 2 ildə Azərbaycanda yeni qaz yatağı da aşkar edilib: «Sizinlə görüşmədiyimiz bu aylarda biz ən azı 300 milyard kubmetr ehtiyatı olan “Abşeron” qaz yatağının kəşfini elan etmişik və artıq ilk quru “Şahdəniz”dəki bütün quyulardan daha məhsuldardır. Odur ki, bizim boru kəmərləri sisteminin genişlənməsi öz resurslarımızın artması ilə bağlıdır. Xəzər dənizinin Şərq sahillərindən əlavə qaz ehtiyatlarına gəldikdə, bunun üçün Transxəzər sualtı qaz boru kəməri inşa edilməlidir və ikincisi, Bakıdan Avropa istiqamətində Cənub Qaz Dəhlizi kimi yeni infrastruktur lazımdır».
İlham Əliyev, onu da bildirib ki, həmin layihənin maliyyələşdirilməsi asan olmayacaq: «Sual yaranır ki, bu mühüm layihəni kim maliyyələşdirəcək? Bu sualın hələlik cavabı yoxdur. Bu suala cavab tapana qədər layihənin icrası və yaxud da bu məsələ haqqında düşünmək bir o qədər real olmayacaq. Eyni zamanda, biz bilirik ki, Avropa bankları mədən yanacağı ilə əlaqədar layihələri maliyyələşdirmir. Odur ki, bu layihə üçün ciddi vəsait cəlb etmək çətin olacaq. Məsələn, Cənub Qaz Dəhlizini inşa edəndə biz korporativ maliyyə ilə bərabər, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankından, Avropa İnvestisiya Bankından, həmçinin Asiya İnkişaf Bankından və Asiya İnfrastruktur İnvestisiya Bankından vəsait cəlb etmişdik. Lakin indi isə bunlardan ikisi – Avropa institutları mədən yanacağı ilə əlaqədar layihələri hazırda maliyyələşdirmir. Onlar yaşıl keçid layihələrini maliyyələşdirirlər. Bu da sözsüz ki, vəziyyəti daha çətinləşdirir. Avropada qaz qiymətlərinin dəyişkənliyi də yeni-yeni suallar ortaya qoyur. Həmçinin qiymətə qoyulan məhdudiyyət, - mən düşünürəm ki, bu, qəbulolunmazdır, istehlakçılar həmin yuxarı həddi təyin edir, - bu da istənilən bazar iqtisadiyyatı prinsiplərinə ziddir. Avropa ölkələri illərlə bazar iqtisadiyyatı prinsiplərinin tərəfdarı olub. Beləliklə, real baxışdan bu, çox ciddi bir problemdir. Lakin kimsə Transxəzər boru kəmərini inşa etmək istəsə biz şad olarıq. Nəticədə bizə əlavə tranzit rüsumları ödəniləcək və yeni əməkdaşlıq imkanları yaranacaq».