Rusiyanın LUKoil şirkəti SOCAR şirkəti ilə əməkdaşlıqda maraqlıdır, Azərbaycanda neft-qaz kəşfiyyatı və hasilatı sahəsində yeni layihələrdə iştirak edə bilər.
Eləcə də bax: Rövnəq Abdullayev və Vahid Ələkbərov arasında görüş keçirilib
FED.az xəbər verir ki, bu barədə SOCAR-ın mətbuat xidmətindən məlumat verilir
“Noyabrın 24-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və LUKoil prezidenti Vahid Ələkbərov arasında görüş keçirilmişdir.Görüşdə LUKoil şirkəti ilə SOCAR arasında uzunmüddətli əməkdaşlıq əlaqələrindən söhbət açılmış, Azərbaycanda həyata keçirilən layihələrdə LUKoil-un iştirakı yüksək qiymətləndirilmiş, “Naxçıvan”, “Qoşadaş” strukturlarında əməkdaşlığın davam etdirilməsi haqqında müzakirələr aparılmışdır”, – məlumatda deyilir.
Ələkbərovun sözlərinə görə, LUKoil şirkəti SOCAR ilə mövcud əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
“Həmçinin tərəflər Azərbaycanda neft-qaz kəşfiyyatı və hasilatı sahəsində keçirilən digər layihələrdə də şirkətin mümkün iştirakı ətrafında müzakirələr aparıblar”, – məlumatda qeyd olunur.
LUKoil şirkəti Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir. Şirkət “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrinin hər birində 10 faiz paya malikdir. Həmçinin cari ilin yanvarında iki şirkət arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Naxçıvan” perspektiv strukturu, habelə dənizin dayazsulu hissəsində “Xəzəryanı-Quba” və “Qoşadaş” perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair Anlaşma Memorandumu imzalanıb.
Bundan başqa, LUKoil Azərbaycanda pərakəndə yanacaq bazarında iştirak edir. (İnterfaks)