İtaliyanın Azərbaycandan təbii qaz tədarükü hazırda 60 faiz səviyyəsinə çatır.
İtaliyanın qaza olan tələbatının 13%-ni Azərbaycan - ÖDƏYƏCƏK
FED.az xəbər verir ki, bunu İtaliyanın Baş nazir Ciorcia Meloni deyib.
Baş nazir İtaliyanın Xarici İşlər Nazirliyi və Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə Romada keçirilən 8-ci MED Aralıq dənizi Dialoq Forumunda ölkəsinin enerji təhlükəsizliyi məsələsinə toxunub.
İtaliyanın strateji tərəfdaşları sayəsində Rusiya təbii qazından asılılığını azaltdığını bildirən C.Meloni deyib ki, Türkiyə, Yunanıstan və Albaniyadan keçən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Azərbaycandan təbii qaz tədarükü hazırda 60 faizə çatır. Baş nazir Əlcəzair kimi Aralıq dənizi ölkələrinin də İtaliyanın enerji təhlükəsizliyində əsas pay sahibi olduqlarını bildirib. Qeyd edib ki, İtaliyanın təbii qaz idxalının təxminən 45 faizi Aralıq dənizi ölkələrindən təmin olunur.
O, təkcə təbii qazın deyil, həm də yeni davamlı, rahat və əlçatan enerji növlərinin inkişafı və mübadiləsinin Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfələr verəcəyini qeyd edib.
C.Meloni İtaliya hökumətinin ölkənin Aralıq dənizindəki rolunu gücləndirməkdə qətiyyətli olduğunu bildirib. Qeyd edilib ki, İtaliya coğrafi mövqeyi, infrastrukturu, əməkdaşlıq əlaqələri və şirkətlərinin töhfəsi ilə Aralıq dənizi ilə Avropa arasında enerji körpüsü rolunu oynaya bilər.
Qeyd edək ki, Azərbaycan və digər ölkələrin qazı hesabına İtaliya Rusiya qazından asılılığını minimuma endirib.
Belə ki, noyabr ayında İtaliya cəmi 31 milyon kubmetr Rusiya qazı idxal edib, halbıki, ötən ilin noyabrında bu göstərici təqribən 3 milyard kubmetrə çatırdı.