2022-ci ildə İtaliyaya Azərbaycan qazının nəqli 9,5 milyard kubmetri ötəcək.
FED.az xəbər verir ki, bu barədə “TAP AG” konsorsiumunun idarəedici direktoru Luka Şippati (Luca Schieppati) bəyan edib.
“Bu il İtaliyaya 9,5 milyard kubetrdən çox qaz nəql edə biləcəyik, bu da ölkənin qaza tələbinin 13%-dən çoxunu təminatı deməkdir”, - Şippati cümə axşamı İtaliyada keçirilən «TheYoungHope» tədbirində deyib.
O əlavə edib ki, kommersiya əməliyyatları başlanandan (31 dekabr 2020-ci ildən etibarən - İF) TAP ilə Azərbaycandan Avropaya 16 milyard kubmetrdən çox qaz nəql olunub, bunun 13,5 milyard kubmetrdən çoxu İtaliyanın payına düşüb.
Həmçinin, Şippati məlumat verib ki, TAP gələcəkdə hidrogen nəqli potensialına malikdir vəə qaz kəmərinin ötürmə qabiliyyətinin genişlənməsi İtaliya və Avropada iqlim ambisiyalarının əldə olunmasına şərait yarada bilər.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. Qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Avropaya nəqli üçün nəzərdə tutulub. Kəmərin ötürücülük qabiliyyəti onun gücünü iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
Energetika naziri Pərviz Şahbazov məlumat verib ki, Azərbaycan 2022-ci ildə Avropaya qaz təchizatını 2021-ci illə müqayisədə 40% - 11,5 milyard kubmetrə qədər artıracaq. 2022-ci ildə Azərbaycan qazının ixrac həcmi 23-24 milyard kubmetr (2021-ci ildə 22 milyard kubmetr) təşkil edəcək.
“TAP AG” konsorsiumu 2020-ci il oktyabr ayının 13-də qaz kəmərinin tikintisinin başa çatdığını elan edib. TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin sonuncu komponentidir.
Qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Avropaya nəqli üçün nəzərdə tutulub.
Layihənin səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir. Layihənin dəyəri 4,5 milyard avrodur. TAP-ın təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanda keçirilib.(İnterfaks-Azərbaycan)