İtaliyada “5 Ulduz” partiyası və “Şimal liqası” hərəkatı tərəfindən formalaşdırılan yeni koalision hökumət Azərbaycan qazının Avropa bazarlarına nəqli üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizinin bir hissəsi olan Transadriatik Qaz Kəməri (TAP) layihəsinə yenidən baxacağını elan edib.
FED.az bildirir ki, “Reuters”in xəbərinə görə, taliya hökumətinin ətraf mühit naziri Sergio Costa deyib ki, Trans Adriatik Pipeline (TAP) digər əsas layihələr kimi yenidən nəzərdən keçiriləcək.
"TAP masa üzərindədir və biz ona prioritet kimi baxırıq", o deyib. Sergio Costa "enerji siyasətimizi, azalan qaz tələbatımızı nəzərə alsaq, bu gün bu layihə mənasiz görünür" deyə nazir ona ünvanlanmış sorğuların cavabında bildirib.
“Reuters” yazır ki, TAP layihəsinin yenidən gözdən keçirilməsi İtaliya ilə konsorsium arasında gərginlik yarada bilər.
“Biz energetika siyasətimizi, qaza olan tələbatımızı nəzərə alaraq TAP layihəsini hazırda tamamilə mənasız hesab edirik” - Kosta deputatların ona həftənin əvvəllərində ünvanlanmış sorğularına yazılı cavabında vurğulayıb.
40 milyard dollar dəyərində qiymətləndirilən Cənub Qaz Dəhlizinin TAP seqmentinin dəyəri 5.3 milyard dollar civarındadır.
Konsorsiuma Britaniyanın, İtaliyanın və İspaniyanın neft-qaz sahəsində çalışan şirkətləri daxildir.
Sergio Costa-nın üzvü olduğu The 5-Star partiyası ətraf mühitlə bağlı sərt siyasət yürüdən qüvvə kimi tanınır.
Sergio Costa əlavə edib ki, TAP-ın gələcəyi ilə bağlı hər hansı qərarı vermək üçün digər nazirlər də müzakirəyə cəlb edilə bilər.
Məlumata görə, ətraf mühit naziri Kosta bildirib ki, TAP kəmərinin əsaslandırılması tamamilə yenidən nəzərdən keçiriləcək. Bu bəyanat kəmərin keçdiyi cənub regionlarının qubernatorlarının son bəyanatları ilə uzlaşır. Apuliya bölgəsinin qubernatoru bu günlərdə TAP layihəsinin marşrutunun dəyişdirilməsi məsələsini yenidən qaldırıb.
İtaliyanın cənubundakı yerli hökumətin “5 Ulduz” hərəkatından olan naziri Barbara Lezzi də iki gün əvvəl “Reuters”ə bildirib ki, onun partiyası TAP kəmərinin “gərəksiz ekoloji təhlükə yaratdığını” düşünür və bu kəməri İtaliya üçün gərəksiz hesab edir. Çünki İtaliyanın kifayət qədər yetərli qaz potensialı var.
"TAP İtaliya hökumətinə deyəcək ki..."
"TAP İtaliyanın yeni hökuməti və aidiyyətli nazirliklərlə yaxından işləyəcək", TAP-ın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Lisa Givert "BBC News Azərbaycanca"ya bildirib.
Onun sözlərinə görə, "bu layihənin italya vətəndaşları və iqtisadiyyatı üçün faydası, o cümlədən məşğulluq, gəlirlər, təbii qazın qiymətinin aşağı salınması baxımından üstünlükləri" yeni hökumətə çatdırılacaq.
TAP İtaliyaya gətirdiyi qazın, ölkənin enerji tələblərini yerinə yetirməkdə yardımçı olacağını və karbon istehsalının azaldılmasında faydalı rol oynayacağını düşünür, Lisa Givert deyib.
Azərbaycanı Cənub Qaz Dəhlizində təmsil edən Dövlət Neft Şirkətindən BBC News Azərbaycancaya bildirilib ki, TAP konsersiumu İtaliyanın yeni hökuməti ilə danışıb layihənin icrası yollarını, "Azərbaycanı və İtaliya xalqını qane edəcək çözümlər" tapmağa çalışacaq.
Bir qədər əvvəl isə TAP konsorsiumu bəyan edib ki, kəmərin İtaliya hissəsinin marşrutunun dəyişdirilməsi layihəni 4-5 il geri sala bilər. Kəmərin İtaliya hissəsinin tikintisinin 2020-ci ildə başa çatması və həmin il TANAP kəməri ilə nəql olunacaq qazın ildə 10 milyard kubmetrinin bu kəmərlə Avropaya nəqlinin başlaması planlaşdırılırdı. Lakin belə görünür ki, İtaliyadakı yeni hökumət kəmərin çəkilməsini ləngitməyi qarşıya məqsəd qoyub.
Azərbaycan strateji əhəmiyyətli layihəsi önündə yaranan maneəni necə dəf edə bilər? İtaliyanın yeni hökumətinin təzyiqi ilə TAP-ın marşrutunun dəyişməsi mümkündürmü?
"Azərbaycan itirməyəcək"
Enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, İtaliyanın yeni hökuməti özündən əvvəlki iqtidarın imzaladığı beynəlxalq müqavilələri ləğv edə bilməz.
Onun fikrincə, belə olan təqdirdə, yeni hökumət iddia qaldırmalıdır ki, sələfləri ölkənin maraqlarını pozub, düzğün addım atmayıb. "Bu isə ağlabatan görünmür", ekspert deyir.
İlham Şaban bildirir ki, mübahisə yaranarsa, konsorsium Beynəlxalq İqtisad Məhkəməsinə də müraciət edə bilər.
Ekspert hesab edir ki, İtaliya hətta TAP-dan imtina etsə də, Azərbaycan itirməyəcək. "Çünki tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə görə, Azərbaycan qazını satıb pulunu alacaq", İlham Şaban əlavə edir.
İqtisadçı-ekspert Vüqar Bayramov usə bildirir ki, TAP Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsidir: “İtaliyada hazırda hökumət böhranı yaşanır. Yeni formalaşan hökumətin möhkəmlənmək üçün populist bəyanatlar verməsi gözləniləndir. Bu bəyanatlar bir çox hallarda siyasi xarakter daşıyır və onların reallaşıb-reallaşmayacağını söyləmək mümkün deyil. Bütün bəyanatlara rəğmən, TAP-ın marşrutuna dəyişiklik olunacağını gözləmirəm”.
Ekspertin sözlərinə görə, Azərbaycan bu məsələ ilə bağlı Avropa Komissiyası və İtaliya hökuməti ilə danışıqları davam etdirməlidir: “Avropa İttifaqı, Avropa strukturları bu layihəyə həmişə dəstək veriblər. Buna görə də Azərbaycan Avropa Komissiyasının də dəstəyindən istifadə etməklə İtaliya hökuməti ilə danışıqları intensivləşdirməlidir. Burada həm də lobbiçilik fəaliyyətinin gücləndirilməsinə ehtiyac var. Çünki kəmərin marşrutunun dəyişməsi ilk qazın Avropa bazarına çatması tarixini yubada bilər. Bu isə layihədə iştirak edən heç bir tərəfə sərf etmir”.
Xatırladaq ki, bu il mayın 29-da Azərbaycan qazı Cənub Qaz Dəhlizində Trans Anadolu Boru Kəmərinə - (TANAP) qaz vurulmasına başlanıb.
TANAP iyunun 12-də Əskişəhərdə istifadəyə verilməsi gözlənir.
Cənub Qaz Dəhlizi Cənubi Qafqaz qaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans Anadolu Boru Kəməri və Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihənin tərkib hissəsidir.
Bu layihə çərçivəsində hasil ediləcək təbii qazın Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılması nəzərdə tutulub.