Prezident İlham Əliyev ABŞ və İsrailin İrana hücumu ilə başlayan müharibə və hazırda Hörmüz boğazında yaranan vəziyyətin Azərbaycana təsiri ilə bağlı fikirlərini bölüşüb.
Gələn il neftin və qazın orta satış qiymətinin bu ilə nisbətən aşağı olacağı proqnozlaşdırılır - AMB sədri
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, dövlət başçısının «Euronews» televiziyasına müsahibəsində müxbir: «Siz həm regionda, həm onun hüdudlarından kənarda diplomatiya və sabitliyin fəal tərəfdarlarından olmusunuz. Hazırda Hörmüz böhranı regional və qlobal iqtisadiyyata təsir göstərir. Azərbaycan bu vəziyyətə necə yanaşır və bunun öhdəsindən necə gəlir?» sualını verib.
İlham Əliyev bildirib ki, təchizat baxımından bu vəziyyət (Hörmüz boğazının bloklanması – FED.az) Azərbaycana təsirini göstərmir, çünki Azərbaycan öz neft və qaz axınlarnı şaxələndirib: «Təchizat zənciri baxımından bu böhran bizə ciddi təsir göstərmir. Çünki enerji təchizatı və marşrutların şaxələndirilməsi siyasəti bizim üçün bu günün məsələsi deyil. Bu siyasət uzun illərdir həyata keçirilir və tərəfdaşlarımız, eləcə də qonşu ölkələrlə birlikdə neft, qaz, elektrik enerjisi və nəqliyyat bağlılığı üzrə şaxələndirilmiş təchizat sistemi formalaşdırmağa nail olmuşuq».
Bununla yanaşı, dövlət başçısı böhran nəticəsində neftin bahalaşmasının Azərbaycana əlavə gəlirlər gətirdiyini təkzib etməyib. Xatırladaq ki, 2026-cı ilin dövlət büdcəsində neftin qiyməti 65 dolar hesablandığı halda ,İran ətrafındakı gərginlik və İrana hücumlardan sonra qiymətlər 2 aya yaxındır ki, 100 dollardan yüksəkdir. Son məlumata əsasən -–mayın 19-da Azərbaycan neftinin qiyməti 118 dolları keçib.
Bununla yanaşı, İlham Əliyev eyni zamanda bildirib ki, böhran ümumilikdə dünya iqtisadiyyatına mənfi təsir etdiyi üçün qiymətli kağızlar bazarında itkilərə səbəb olur. Bu da neft ölkələrinin neftin qiymətindən qazansalar da qiymətli kağızlarda itirməsinə səbəb olur:
«Əlbəttə, Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir. Bəziləri yüksək neft qiymətlərinin faydalı ola biləcəyini düşünə bilər. Bəli, elədir. Ancaq eyni zamanda, neft ehtiyatları ilə zəngin olan ölkələrin bir çoxu öz vəsaitlərini istiqrazlara yatırır, bir çoxu isə səhm bazarlarına investisiya edir. Belə qeyri-sabitlik baş verdiyi vaxt fond bazarları aşağı düşür. Nəticədə biz yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də, bazarlarda investisiyalarımızda itki baş verir. Beləliklə, bu, hər kəsə təsir edir».
İlham Əliyev bildirib ki, Azərbaycan bu məsələlərin diplomatk yolla həllinə tərəfdardır. Eyni zamanda onun fikrincə, münaqişə başa çatandan sonra regionda bir çox ölkələr enerji siyasətlərini və enerjinin çatdırılması yollarını yenidən nəzərdən keçirəcəklər.
«Biz daim diplomatiyanın tərəfdarıyıq. Diplomatiya olmadan biz öz ehtiyatlarımızı bazarlara çıxara bilməzdik. Çünki bunun üçün digər ölkələrin ərazisindən keçmək, qonşularla və qonşuların qonşuları ilə yaxşı münasibətlər qurmaq, çoxtərəfli əməkdaşlıq formatı formalaşdırmaq, istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında qarşılıqlı uduşlu vəziyyət yaratmaq lazım idi ki, hər kəs qaydalara əməl etsin və gəlir qazansın.
Bu baxımdan düşünürəm ki, Azərbaycanın təcrübəsi faydalı ola bilər. Böhran həll olunduqdan sonra, - bu, tez və ya gec baş verəcək, - yəqin ki, yeni bir vəziyyət yaranacaq. Bir çox ölkələr enerji siyasətlərini və enerji ehtiyatlarının çatdırılması yollarını yenidən nəzərdən keçirəcəklər. Çox güman ki, Azərbaycanın coğrafiyası və mövcud resursları bu gün olduğundan daha çox tələb olunacaq».













