Çində koronavirusa qarşı tədbirlər və bu tədbirlərə qarşı başlayan etirazlar fonunda neftin qiyməti sürətlə azalıb.
FED.az xəbər verir ki, neftin ucuzlaşması bu səhər Tokio birjasından başlayıb.
Bakı vaxtilə gecə sata 5-də Brent markalı neftin qiyməti 2,86% azalaraq 82 dollardan aşağı düşüb – bir barel üçün 81,4 dollar. Bu son 11 ayda neftin ən aşağı qiymətidir – sonuncu dəfə belə qiymətlər 2022-ci ilin yanvarında olmuşdu.
«WTI» neftinin 2023-cü il tarixli müqavilələr üzrə qiyməti isə 3%-lik ucuzlaşmadan sonra 73,9 dollara enib.
Bu prosesin Avropa birjalarına, xüsusilə də Azərbaycan neftinin ticarət edildiyi London birjasına təsiri gözlənilir.
Xatırladaq ki, Azərbaycan neftinin ötən həftənin sonuna olan sonuncu qiyməti 86,88 dollar olub.
Azərbaycanın dövlət büdcəsində isə neftin qiyməti 2022-ci ildə 85 dollar götürülüb.
2023-cü il üçün büdcə layihəsində isə hökumət daha ehtiyatlı davranaraq nefti 50 dollardan nəzərə alıb.