2025-ci ilin yanvar ayı ərzində Azərbaycandan xaricə 7 milyon 775 min dollar dəyərində 140,9 milyon kvt/saat elektrik enerjisi ixrac edilib.
FED.az bu barədə Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 20 milyon 982 min dollar və ya 3,7 dəfə, miqdar ifadəsilə isə 354,2 milyon kvt/saat, başqa sözlə 3,5 dəfə azalıb.
2024-cü ilin yanvar ayında isə ümumilikdə xaricə elektrik enerjisi ixarcı 28 milyon 757 min dollar dəyərində 495,1 milyon kvt/saat təşkil edib.
Bu il ilk ayında isə Azərbaycanın ixrac etdiyi hər min kVt/saat elektrik enerjisinin orta ixrac qiyməti 93 manat 80 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 98 manat 74 qəpik idi. Bu da illik müqayisə ilə 4 manat 94 qəpik və ya 5% azalma deməkdir.
Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,26%, qeyri-neft sektoru üzrə ixracında isə 3,16% paya malik olub.
Əvvəlki ilin müvafiq dövründə isə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 1,56%, qeyri-neft sektoru üzrə ixracında isə 12,95% paya malik olub.