“Azərbaycanda istismar olunan qaz sayğacları ilə bağlı yeniliklərdən biri yoxlama müayinəsindən sonra sayğacların üzərinə Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) adı əks etdirilən, pozulması mümkün olmayan xüsusi ştrix kodlar yapışdırılmasıdır”.
Azərbaycanda qaz sayğaclarının müayinəsini Metrologiya İnstitutu aparacaq - FOTOLAR
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Xamis Seyranov deyib.
Şöbə müdirinin sözlərinə görə, gələcəkdə müəyyən eyniləşdirmə vasitələrinin tətbiqi, QR kod və ya digər məlumatoxuyucu vasitələrin köməyi ilə istehlakçının istismarında olan sayğacın dövlət yoxlamasından keçib-keçməməsi barədə məlumatı dərhal ala bilmək imkanının yaradılması planlaşdırılır: “AzMİ publik hüquqi şəxsi “Gəncə Cihazqayırma Zavodu” ASC ilə əməkdaşlıq çərçivəsində yoxlama işlərini bu müəssisədə həyata keçirir. Zavodda istehsal olunmuş sayğacların hamısı “Azəriqaz” tərəfindən istismara buraxılmazdan əvvəl bir-bir yoxlanılır və onların hər birinin üzərinə ştrix kodlar yapışdırılır, bununla da ölçmə vasitəsinin laborator qaydada yoxlanılıb-yoxlanılmamasını müəyyənləşdirmək mümkün olur. Nəticədə sayğaca müdaxilənin qarşısı alınır, onun hansı istehlakçıda olduğu, dövri nəzarət müddəti müəyyən edilir”.
X.Seyranov əlavə edib ki, "Azəriqaz" İstehsalat Birliyi ilə AzMİ arasında imzalanmış 2 avqust 2023-cü il tarixli müqaviləyə əsasən, qaz sayğaclarının yoxlanılması laboratoriyasının idarəedilməsi 2024-cü il yanvarın 1-dən institutun idarəçiliyinə verilib. Həmin laboratoriyada ölkədə istismar olunan qaz sayğacları həm ilkin yoxlamadan, həm də sonrakı dövri yoxlamadan keçərək müayinə olunur, ekspertizası, təmiri həyata keçirilir. Laboratoriyada aparılan dövri yoxlamadan sonra sayğacların üzərindəki göstəricilər əsasında kənarlaşma olub-olmadığı, onun ölçmə vasitəsi kimi istismar edilib-edilməməsi aşkarlanır: “Hazırkı fəaliyyət həm məişət, həm də sənaye sayğaclarının yoxlanılmasını əhatə edir. Məişət istehlakçıları "Azərqaz" İB-nin vəsaiti hesabına sayğaclarla təmin edildiyindən onların həm quraşdırılması, həm də dövri müayinədən keçirilməsi üçün yoxlamaya gətirilməsi Birlijk tərəfindən həyata keçirilir. Sənaye sayğaclarına münasibətdə isə bu fəaliyyətin sahibkarın özü tərəfindən də aparılması mümkündür. Sahibkarın müraciəti əsasında sayğacların AzMİ tərəfindən ödəniş əsasında yoxlanılması həyata keçirilə bilər”. (Azərbaycan İqtisadiyyatı, Teleqram kanalı)