Azərbaycan 2023-cü ilin yanvar-may aylarında Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 4 milyard 436,98 milyon kubmetr qaz ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 19,2% çoxdur.
SOCAR-ın neft hasilatı nisbətən sabit qalıb - Qaz Hasilatı Artıb
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.
2023-cü ilin may ayında Azərbaycandan Türkiyəyə 923,23 milyon kubmetr qaz ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,45% çoxdur. Bu dövrdə Türkiyəyə qaz ixracının ümumi həcminin 25%-i Azərbaycanın payına düşüb.
Azərbaycan mayda Türkiyəyə qaz ixracının həcminə görə ikinci pillədə qərarlaşıb. Birinci pillədə 27,72%-lə Rusiya, üçüncü pillədə 23,96%-lə İran, dördüncü pillədə 10,82%-lə ABŞ yer alıb.
Mayda Türkiyəyə 3 milyard 692,27 milyon kubmetr qaz (2022-ci ilin may ayı ilə müqayisədə azalma 1%) ixrac edilib. 2 milyard 831,89 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 76,7%-i, azalma 5,05%), 860,38 milyon kubmetr (bütün ixracın 23,3%-i, azalma 15,17%) isə LNG-nin payına düşüb.
Mayda Türkiyəyə qaz ixracı 6 ölkədən (Azərbaycan, Rusiya, İran (boru kəmərləri ilə), ABŞ, Misir və Əlcəzair - LPG) həyata keçirilib.
Türkiyəyə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində hasil olunan Azərbaycan qazı ixrac edilir.
2021-ci ilin III rübündə Azərbaycan və Türkiyə arasında Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql ediləcək 11 milyard kubmetr təbii qazın alqı-satqısı haqqında yeni müqavilə imzalanıb. Müqavilə 2024-cü ilin sonunadək (2021-ci ilin IV rübü – 2024-cü il) “Mərhələ-1” çərçivəsində ildə 3,5 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. Müqavilə çərçivəsində nəql 2021-ci il oktyabrın 1-dən həyata keçirilir.
Azərbaycan 2022-ci ildə Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 8 milyard 709,98 milyon kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin göstəricisindən 1,3% azdır.
2023-cü ildə Türkiyəyə 10,2 milyard kubmetr Azərbaycan qazının ixracı planlaşdırılır.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. Müqavilə üzrə tərəflərin iştirak payı aşağıdakı kimidir: BP (operator – 29,99%), “Cənub Qaz Dəhlizi” QSC (21,02%), LUKOIL (19,99%), NICO (10%), TPAO (19%). (İnterfaks-Azərbaycan)