Azərbaycan hökuməti ölkədən təbii qaz ixracının artırılması üçün tələb olunan vəsaiti Birləşmiş Ərəb Əmirliklərindən cəlb edəcək.
Xəbər verildiyi kimi, sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana səfər edib, Füzulidən başlayaraq Qarabağın müxtəlif bölgələrində və Şuşada davam edən səfər zamanı Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibli görüş keçirilib və iki ölkə arasında bir sıra mühüm sənədlər imzalanıb.
FED.az xəbər verir ki, bu sənədlərdən biri də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə XRG ASC arasında Cənub Qaz Dəhlizində investisiya haqqında Anlaşma Memorandumudur.
Hələlik memorandumda nəzərdə tutulan detallar açıqlanmayıb, amma bir şey dəqiq məlumdur ki, Azərbaycan uzun müddətdən bəri imkanlarını genişləndirməyə çalışdığı Cənub Qaz Dəhlizi üçün ciddi investor tapıb. Bu amil ölkəmizin qaz ixacı ilə bağlı planlarının həyata keçirilməsindəki 2 ciddi problemdən birini həll edəcək.
Xatırladaq ki, hazırda Avropanın Rusiya qazından imtina etdiyi və Azərbaycandan daha çox qaz istənildiyi bir vaxtda, eləcə də Türkmənistan qazının gələcəkdə ölkəmiz üzərindən Avropaya nəqli barədə müzakirələrin aparıldığı bir vaxtda həll olunmalı məsələlərdən biri - Cənub Qaz Dəhlizinin imkanlarının genişləndirilməsidir.
Hazırda bu kəmərlə ildə 15 milyard kubmetr qaz ixrac oluna bilər, amma tələbat onu göstərir ki, kəmərin gücü ildə 20-25 milyard kubmetrə qaldırılmalıdır. Bu isə böyük vəsait – təqribən 5-10 milyard dollar tələb edir. İndiyədək formalaşmış praktikaya görə, adətən kəmər sahibi bu vəsaitin yalnız 30%-ni yatırır, qalan vəsait kredit kimi cəlb edilir.
İndiyədək Azərbaycan kənardan tələb olunan krediti cəlb etmək Avropaya üz tutmağı planlaşdırırdı, çünki kəmərin əsas benefisiarı, yəni ixrac olunan qazın əsas alıcısı Avropa İttifaqıdır. Amma indiyədək avropalılardan müsbət cavab almaq mümkün olmayıb.
Prezident İlham Əliyev bu problem və onun həllində olan çətinlikləri barədə son bir ildə bir neçə dəfə açıqlamışdı.
Məsələn, aprel ayında Bakıda ADA Universitetində keçirilən «Yeni dünya nizamına doğru» mövzusunda 7-ci ADA Siyasi Forumunda prezident bildirdi ki, qaz təchizatından narahat olan Avropa İttifaqı Azərbaycandan daha çox qaz istəyir və məhz bu səbəbdən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen 2022-ci ilin iyulunda Azərbaycana səfər edib və səfər zamanı Azərbaycanla Avropa arasında energetika sahəsində Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalandı.
Həmin vaxtdan etibarən, Avropa Komissiyasının müraciəti əsasında, Azərbaycan Avropaya qaz təchizatını təxminən 60 faiz artırıb. Yəni qaz nəqli 2021-ci ildə 8 milyard kubmetrdən 2024-cü ildə 13 milyard kubmetrə çatıb. Qaz alan ölkələrin sayı da artıb. 2027-ci ildə isə bu rəqəm 20 milyard kubmetrə qədər artmalıdır.
Amma qaz nəqlinin artırılması, yəni böyük həcmdə qazı almaqda davam etmək üçün Avropanın maliyyə qurumları və Avropa Komissiyası özü iki mühüm məsələni həll etməlidirlər. Bunlardan biri bu layihəyə vəsait ayrılması, digəri uzunmüddətli satış müqaviləsinin bağlanmasıdır ki, Azərbaycan arxayın şəkildə qaz hasilatını artırsın: «Məsələ bundadır ki, qazı Avropaya daşıyan Cənub Qaz Dəhlizinin buraxma qabiliyyəti tam dolub, əlavə yer yoxdur, və daha çox qaz daşınması üçün o genişləndirilməlidir».
Məntiqlə bu prosesə Avropa tərəfi tərəfi dəstək verməli olsa da (çünki kəməri onların qazına görə genişləndirirlər), problem yaranıb. Məlum olub ki, Avropa bankları faydalı qazıntılarının işlənməsi layihələrinə pul ayırmağı dayandırıblar.
«Avropa İnvestisiya Bankı faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini tam dayandırıb. Avropa Yenidənqurma və İnkişaf Bankı da həmin sahə üçün çox kiçik hissə saxlayır. Avropa Azərbaycandan necə əlavə qaz əldə etmək istəyir ki, heç maliyyələşməni də təmin etmir. Bu ilin yanvarında Davosda bu bankın prezidenti ilə söhbət zamanı mən həmin məsələni qaldırdım. Mən bir neçə gün əvvəl, Almaniya Prezidentinin səfəri zamanı, daha sonra isə Avropanın enerji komissarı ilə də görüş zamanı bu məsələni qaldırdım. Faydalı qazıntıya tətbiq edilən embarqo aradan qaldırılmalıdır»-deyə prezident vəziyyəti açıqlamışdı.
Bu ilin iyulun 27-də isə İlham Əliyev Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava ilə görüşdə bildirib ki, «Azərbaycan Avropanı qazla təmin etdiyi halda Avropa bankları maliyyələşməni təmin etməyə hazırlıq nümayiş etdirməyiblər».
Dövlət başçısı bildirib ki, Azərbaycanın təbii qazının nəql edilməsi layihələrinə Avropa maliyyə institutları tərəfindən bəzi maliyyə gecikmələri olub, və bu məsələdə ölkəyə Asiya İnkişaf Bankı dəstək verib. Başqa sözlə, Avropa bankları bu layihəyə vəsait ayırmaq üçün dəqiq cavaö vermədikləri halda, Asiya İnkişaf Bankı bunu edib.
İndi isə görünür, Azərbaycan tərəfi maliyyələşmə məsələsində Avropa tərəfinin fikrini dəyişəcəyi gözləmədən, digər mənbələr axtarmağa başlayıb və məsələni Ərəb Şirkətləri ilə həll etməyə üstünlük verib. Məsələ bundadır ki, hazırda qaz bazarında rəqabət də güclənib. Avropada bazarı bağlanan Rusiya qazının yerini tutmaq üçün Azərbaycan qazı ilə yanaşı, Qətər və ABŞ şirkətləri də mübarizə aparırlar. Ona görə də Azərbaycan tərəfi bu prosesdən kənarda qalmamaq üçün kəməri başqa mənbələr hesabına genişləndirməyi qərara alıb.
Sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana səfəri və Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı imzalanan sənədlərdən biri də Cənub Qaz Dəhlizinə aiddir. Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə XRG ASC arasında imzalanan Anlaşma Memorandumuna əsasən ərəb şirkəti Cənub Qaz Dəhlizinə investisiya edəcək.
Hələlik investisiyanın məbləği məlum deyil, amma yatırımın bir neçə milyard dollar ətrafında olması şübhəsizdir. Bu ərəblərin Azərbaycanda neft qaz infrastrukturuna yatırdığı ilk investisiya olacaq.
Cənub Qəz Kəmərinə yatırım edəcək XRG ASC şirkəti yeni, 2024-cü ildə yaradılıb və Abu Dhabidə yerləşir. Bu şirkət əmirliyin dövlət neft şirkəti - Abu Dhabi National Oil Company-ya (ADNOC) məxsus yeni beynəlxalq investisiya şirkətidir. Yəni «XRG»nin səhmlərinin 100%-i ADNOC-a məxsusdur. Aktivlərinin həcmi 80 milyard dollara çatan şirkətin fokuslandığı əsas sahələr qaz, kimya məhsulları, və aşağı karbonlu enerji texnologiyalarıdır (Low-Carbon Energies).
XRG şirkəti yaranandan bəri dünyada aşağı karbonlu enerji və kimya sənayesi layihələrində böyük iştirak etməyi planlaşdırır. Məsələn, şirkət Avstriyada «OMV» şirkətinin 24,9% payını almağı planlaşdırır, eləcə də o «Borouge Group International» layihəsində pay sahibi olacaq. Türkmənistanda isə XRG şirkəti dəniz qaz və kondensat sahəsi layihəsində iştirak edir. Burada onun tərəfdaşı «Petronas» şirkətidir.
İndiyədək Azərbaycanda XRG özü deyil, onun sahibi sayılan ADNOC şirkəti bəzi layihələrə qoşulub. Məsələn, «ADNOC» şirkəti 2023-cü ildə SOCAR və TotalEnergies ilə birlikdə «Absheron» qaz-kondensat sahəsində 30% pay almaq barədə razılıq əldə edib. Eyni zamanda şirkət Azərbaycanda hidrojen, karbon idarəçiliyi və geotermal texnologiyalar üzrə potensial əməkdaşlıq barədə strateji sazişlər imzalayıb.