Dövlət əmlakının sığortalanmasında ciddi nöqsanlar var.
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, dövlət auditləri zamanı "İcbari sığorta haqqında" qanunun tələblərinin tam icra olunmadığı müəyyən edilib.
Sədr qeyd edib ki, bu səbəbdən sığorta risklərinin idarə olunması mexanizmlərinin gücləndirilməsi və həmin xərclər üzərində nəzarətin artırılması məqsədəuyğundur.
Müzakirədə çıxış edən maliyyə naziri Sahil Babayev bildirib ki, 2029-cu ildə dövlət büdcəsində qeyri-neft-qaz gəlirlərinin payının 70 %-ə çatdırılması planlaşdırılır. Nazir valyuta ehtiyatlarının artımından da danışıb.
Bildirib ki, büdcədə neftin qiyməti 65 dollar götürülüb və bu, konservativ yanaşma hesab olunur. Onun sözlərinə görə, neftin qiymətinin daha yüksək ola biləcəyi ehtimalı nəzərə alınsa da, real büdcə ehtiyaclarına uyğun proqnozlar hazırlanır və əlavə gəlirlərin Neft Fonduna yönəldilməsi üçün müvafiq tədbirlər görülə bilər.















