Bu gündən 837 km uzunluqda olan Bakı-Supsa neft kəmərinin operatorluğu Azərbaycan (SOCAR) və Gürcüstana ötürülür.
Azərbaycan Banqladeşlə neft tədarükü müqaviləsi imzalayıb
FED.az xəbər verir ki, iyunun 8-dən etibarən şirkət Bakı-Supsa neft kəmərinin Azərbaycan və Gürcüstan hissələri üzrə operatorluğunu həmin ölkələrdəki sahiblərinə təhvil verir.
Qeyd edək ki, BP-nin hasilat və əməliyyatlar üzrə vitse-prezidenti Qordon Birrelin daha əvvəl verdiyi məlumata görə, operatorluğun təhvil verilməsi BP-nin layihədən çıxması anlamına gəlmir. Onun sözlərinə görə, bu addım təxminən 10 il əvvəl imzalanmış müqavilələrdən irəli gələn öhdəliyin yerinə yetirilməsidir.
Q.Birrel vurğulayıb ki, Bakı-Supsa neft kəməri üzrə operatorluğun hər ölkədə hökumətə və ya onun müəyyən etdiyi operatora ötürülməsi müqavilədə nəzərdə tutulub. O qeyd edib ki, bu proses BP-nin təşəbbüsü deyil, mövcud sazişlərin tələbindən irəli gəlir.
BP rəsmisi həmçinin bildirib ki, Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri üzrə operatorluğun təhvil verilməsi ayrıca razılaşma əsasında həyata keçiriləcək və bunun iyulun əvvəlində baş verməsi gözlənilir.
Xatırladaq ki, 2026-cı ilin mayında Azərbaycan və Gürcüstan Bakı-Supsa neft kəmərinin fəaliyyətinin bərpası barədə razılığa gəliblər.
“Bakı-Supsa” – “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neftin nəqli üçün nəzərdə tutulan ixrac marşrutudur. Neft kəmərinin uzunluğu 837 km-dir: bunun 775 km-i diametri 21 düym (530 mm) olan yeni boru kəmərindən, 55 km-i isə rekonstruksiya olunmuş kəmərdən ibarətdir. Kəmərin illik ötürücülük qabiliyyəti 7 milyon tondan çox (gündə 145 min barel) təşkil edir. Bu istiqamət üzrə nəql 2022-ci ilin yazında dayandırılıb.













