Azərbaycanda iş yerlərinin rəsmiləşdirilməsi və əmək münasibətlərində şəffaflığın artırılması istiqamətində görülən tədbirlər əmək müqavilələrinin sayında artımı davam etdirib.
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı il iyunun 1-nə ölkədə bağlanmış əmək müqavilələrinin sayı 1 milyon 893 min 84 təşkil edib.
Dövlət Vergi Xidməti bildirir ki, əmək haqqı fondunun “ağardılması”, qeyri-rəsmi məşğulluğun azaldılması və iş yerlərinin rəsmiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində əmək müqavilələrinin sayında müsbət dinamika müşahidə olunur.
Qeyri-neft sektorunun özəl bölməsində bağlanmış əmək müqavilələrinin sayı isə 1 milyon 46 min 601 olub. Bu göstərici ümumi əmək müqavilələrinin 55,3 faizini təşkil edib.
Bu, qeyri-neft sektorunun özəl bölməsinin rəsmi məşğulluqda əsas paya malik olduğunu göstərir.













