ABB İslam bankçılığı prinsiplərinə əsaslanan yeni “Murabaha” məhsulunu müştərilərə təqdim edib.
FED.az xəbər verir ki, yeni məhsul biznes subyektlərinə faizsiz maliyyələşmə imkanı yaradır. “Murabaha” çərçivəsində sahibkarlar biznes fəaliyyəti üçün zəruri olan avadanlıq, daşınar və daşınmaz əmlak, eləcə də digər aktivləri əldə edə biləcəklər.
Məhsul üzrə maliyyələşmə məbləği 100 min manatdan 5 milyon manatadək müəyyən edilib. Müştərilər maliyyələşməni manat, ABŞ dolları və ya avro ilə əldə edə bilərlər.
ABB-nin məlumatına görə, “Murabaha” məhsulu üzrə ödəniş müddəti 1 ildən 3 ilədək nəzərdə tutulub. Müştərilər əldə etdikləri aktivin dəyərini əvvəlcədən razılaşdırılmış şərtlər əsasında hissə-hissə ödəyəcəklər.
Bank bildirir ki, məhsul üzrə faiz ödənişi tətbiq edilmir. Bunun əvəzində, maliyyələşmə əvvəlcədən şəffaf şəkildə razılaşdırılmış mənfəət marjası əsasında təqdim olunur.
Yeni məhsul sahibkarlara iri məbləğli alışları təxirə salmadan həyata keçirmək, biznesin genişləndirilməsi və investisiya planlarını daha rahat icra etmək imkanı verəcək.














