2025-ci ilin ilk dörd ayında Azərbaycan öz təbii qazının satışından 3 milyard dollardan çox gəlir əldə edib.
Dövlət Gömrük Komitəsinin rəqəmləri göstərir ki, bu dövrdə ölkə Avropadakı 6 müştərisinə ümumilikdə 8,16 milyard kubmetr təbii qaz ixrac edib.
FED.az-ın apardığı hesablama göstərir ki, Azərbaycan qazının əsas alıcıları dəyər baxımından İtaliya və həcm baxımından Türkiyə olub. Lakin alıcılar arasında qiymət fərqi olduqca böyükdür və bu, bəzi ölkələrin Azərbaycan qazı üçün digərlərindən təxminən 5 dəfə çox pul ödədiyini ortaya qoyur.
Ən böyük müştərilər: İtaliya və Türkiyə
Hesabat dövründə Azərbaycan qazından ən çox gəlir İtaliyadan əldə olunub. Bu ölkə aldığı 3,1 milyard kubmetr qaza görə Azərbaycan büdcəsinə 1 milyard 650 milyon dollar ödəyib.
Həcm baxımından ən böyük alıcı isə Türkiyədir. Qardaş ölkə 4 ayda təxminən 3,2 milyard kubmetr qaz idxal edərək buna görə 895 milyon dollar ödəniş edib. Bu iki ölkə Azərbaycanın ümumi qaz ixracı gəlirlərinin təxminən 83%-ni formalaşdırır.
Qiymət paradoksu: Yunanıstan ən baha, Gürcüstan ən ucuz alır
Ən maraqlı məqam ölkələr üzrə satış qiymətlərindəki kəskin fərqlərdir. Hesablamalara görə, Azərbaycan qazını ən baha qiymətə alan ölkə Yunanıstandır. Bu ölkə Azərbaycan qazının hər 1000 kubmetrinə 569.8 dollar (968.6 manat) ödəyir. Qiymət cədvəlində ikinci yerdə isə İtaliya gəlir – 531 dollar (903 manat).
Ən ucuz qaz isə qonşu Gürcüstana satılır. Gürcüstan aldığı qazın hər 1000 kubmetri üçün cəmi 122.1 dollar (207.6 manat) ödəyir. Bu, Yunanıstanın ödədiyi qiymətdən 4,7 dəfə, İtaliyanın ödədiyi qiymətdən isə 4,4 dəfə ucuzdur.
Qardaş ölkə Türkiyə isə qazı nisbətən aşağı qiymətə – 1000 kubmetrini 280.5 dollara (476.8 manata) əldə edir.
Digər Avropa ölkələrindən Serbiya qazın 1000 kubmetrinə 518 dollar (881 manat), Bolqarıstan isə 375 dollar (637 manat) ödəyir.
Ölkə |
Miqdar (min kub m) |
Dəyər (min $) |
1000 kub m qiyməti (USD) |
1000 kub m qiyməti (AZN) |
Yunanıstan |
286,563 |
163,382 |
569.80 $ |
968.66 ₼ |
İtaliya |
3,106,567 |
1,649,523 |
530.98 $ |
902.67 ₼ |
Serbiya |
128,508 |
66,614 |
518.37 $ |
881.23 ₼ |
Bolqarıstan |
452,383 |
169,588 |
374.90 $ |
637.33 ₼ |
Türkiyə |
3,190,672 |
894,915 |
280.47 $ |
476.80 ₼ |
Gürcüstan |
995,337 |
121,541 |
122.11 $ |
207.59 ₼ |
CƏMİ |
8,160,029.9 |
3,065,562.1 |
375.70$ |
638.70₼ |