Yeni Komissiyanın Əsasnaməsi təsdiq edildi - SƏRƏNCAM
00:01
28 Avq 2018
Prezident İlham Əliyev Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üçün yaradılmış Komissiyanın fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Fed.az xəbər verir ki, sərəncamla “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya haqqında Əsasnamə” təsdiq edilib.
Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Eyni zamanda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın fəaliyyəti ilə bağlı internet portalının beş ay müddətində yaradılmasını təmin etməli, Komissiyanın müraciəti əsasında müvafiq maliyyələşmənin həyata keçirilməsini təmin etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilməsi isə Ədliyyə Nazirliyinə tapşırılıb.
“Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya haqqında Əsasnamə"yə əsasən, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın əsas vəzifələri aşağıdakılardır:
1. biznes və investisiya mühitinin əlverişliliyinin artırılması, bu sahədə mütərəqqi tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunması üçün təkliflər vermək;
2. ölkədə rəqabət mühitinin vəziyyətini təhlil etmək, sahibkarlığın inkişafı və onun rəqabət qabiliyyətinin daha da yüksəldilməsini təmin edəcək rəqabət mühitinin formalaşması, inkişafı və təşviqi sahəsində dövlət siyasətinin təkmilləşdirilməsi barədə təkliflər vermək;
3. əlverişli təşviqedici mühit yaradılmasına xidmət edən iqtisadi alətlərin əhatə dairəsini genişləndirməklə biznesin davamlılığının möhkəmləndirilməsi barədə təkliflər vermək;
4. beynəlxalq inteqrasiya prosesinin sürətləndirilməsi və nüfuzlu beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması sahəsində təkliflər vermək;
5. iqtisadi sahədə münasibətləri tənzimləyən qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə dair təkliflər vermək;
6. Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək;
7. Azərbaycan Respublikası Prezidentinin Komissiyaya verdiyi tapşırıqların icrası ilə bağlı monitorinqlər aparmaq, icra nəticələrinə dair hesabatlar hazırlayaraq məruzə etmək.