Ukraynada prezident seçkiləri saat 20:00-da başa çatıb.
FED.az xəbər verir ki, yerli vaxtla saat 20:00-da bütün seçki məntəqələri bağlanıb. Seçicilərin 45%-dən çoxu səsvermədə iştirak edib.
Seçkilərdə keçirilmiş milli "exit poll"un nəticələrinə görə, Vladimir Zelenski seçkilərin ikinci turunda qalib olub. Seçicilər arasında keçirilmiş rəy sorğusunun nəticələrinə görə, o, 73,2 faiz səs toplayıb. "Exit poll"un nəticələrinə görə, hazırkı prezident Petro Poroşenko seçicilərin 25,3 faizinin səsini toplayıb.
Qeyd edək ki, bu gün Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Seçkilərdə birinci turun qalibləri - hazırkı prezident Petro Poroşenko və Vladimir Zelenski iştirak ediblər.
Petro Poroşenko prezident seçkilərinin ikinci turunda rəqibi Vladimir Zelenskiyə üç dəfə az seçici səsi hesabı ilə uduzduğunu etiraf edib. Lakin o bildirib ki, buna baxmayaraq siyasətdən getməyəcək. Poroşenko öz komandasını heç vaxt təslim olmamağa çağırıb.
"Əziz komanda üzvləri, əziz həmyerlilər, KİV əməkdaşları, heç vaxt təslim olmayın. Heç vaxt, heç vaxt, heç vaxt... Nə çoxluqda təslim olun, nə azlıqda...", - deyə o əlavə edib. Siyasətçi bildirib ki, bu sözlər ötən əsrin məşhur siyasətçisi, Britaniyanın sabiq baş naziri Uinston Çerçilə aiddir.
Qeyd edək ki, seçkilərdə pozuntularla bağlı 1167 şikayət ərizəsi yazılıb. Mərkəzi Seçki Komissiyası yekun və rəsmi nəticələri mayın 1-dək elan edəcək.