Azərbaycan hökuməti unun topdansatış qiymətini nəzarətə götürüb.
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un istehsalçılarının topdansatış mərkəzləri və məntəqələri, topdansatış qiymətləri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair məlumatı ictimaiyyətə açıqlayıb.
Cədvələ keçid: Unun qiyməti, ünvanlar, iş vaxtları
Qeyd edək ki, rəsmi olaraq ölkə qanunvericiliyinə görə unun və çörəyin qiyməti tənzimlənən qiymətlər siyahısında deyil, yəni rəsmi olaraq dövlət bu qiyməti tənzimləyə bilməz. Amma, çörəyin bahalaşması ilə bağlı yaranan vəziyyət, hökuməti sərt addımlar atmağa vadar edib.
Xidmət bildirir ki, siyahıdakı topdansatış məntəqələrində hazırda unun 50 kq-lıq kisələrdə topdansatış qiyməti 35,2-35,9 manat təşkil edir. İstehsalçılar topdansatış məntəqələrində biznes subyektlərinə unun göstərilən qiymətə satılmasını təmin edəcəklər.
Məlumatlar mütəmadi olaraq yenilənəcəkdir.
«Bununla yanaşı, un istehsalçılarına məxsus olmayan digər satış məntəqələrində qiymətlər təchizat zəncirinin xüsusiyyətləri (nəqliyyat xərcləri, ticarət əlavələri və s.) nəzərə alınmaqla formalaşır»-deyə Xidmət bildirir.
Bir daha bildiririk ki, unun satışı üzrə satış məntəqələrində antiinhisar qanunvericiliyinə riayət olunmasına dair Dövlət Xidməti tərəfindən ciddi nəzarət tədbirləri davam etdirilir. İstehlakçılar və sahibkarlar un və çörək bazarında qiymət manipulasiyası halları ilə rastlaşdıqda, həmçinin əlaqəli məlumat almaq məqsədi ilə Dövlət Xidmətinə müraciət edə bilərlər: əlaqə telefonu: (+99412)-599-76-00; email ünvanı: [email protected].