Azərbaycan hökuməti ABŞ-da real iqtisadiyyat layihələrinə yatırım etmək niyyətindədir və bununla bağlı müxtəlif seçimləri nəzərdən keçirir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verirki, bu barədə prezidenrt İlham Əliyev yerli telekanallara müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2025-ci ilin avqustunda Vaşinqtonda (Azərbaycanla ermənistan arasında ABŞ prezidenti Trampın iştirakı ilə – FED.az) imzalanmış sülh sazişi Azərbaycana investisiyalar, xüsusilə ABŞ-dan gələn investisiyalar üçün böyük imkanlar açır və hazırda Azərbaycan bunun üzərində fəal işləyir.
Eyni zamanda Azərbaycan da ABŞ-a investisiya yatırmata hazırlaşır və bu təkcə qiymətli kağızlar bazarı ilə məhdudlaşmayacaq, rəsmi Bakı Amerikada real iqtisadiyyat layihələrinə yatırım etməyi düşünür.
«Azərbaycanın ABŞ-a yatırdığı investisiyaların artıq müəyyən tarixi var. Biz əsasən ABŞ-da dövlət istiqrazlarına yatırım etmişdik. Amma indi iki ölkə arasında olan münasibətlərin yeni mərhələsindən sonra biz real iqtisadiyyatın sahələrinə investisiya yatırmaq üçün müxtəlif seçimləri nəzərdən keçiririk» - deyə Azərbaycan prezidenti bildirib.










