"İqtisadi və sosial islahatların yeni mərhələsinin startı prezident seçkilərindən sonra verilmişdir və bu gün biz bunun nəticəsini görürük. Mən deyə bilərəm ki, aparılan tədbirlər nəticəsində təkcə ilin birinci rübündə büdcə daxilolmaları 200 milyon manatdan çox artıb".
FED.az xəbər verir ki, bunu Kürdəxanıda məcburi köçkünlərlə görüşündə Prezidenti İlham Əliyev bildirib.
"Bu, nəyin hesabınadır - şəffaflığın, yeni yanaşmanın və islahatların. Bu, bizə imkan verir ki, bu vəsaiti vətəndaşların rifah halının yaxşılaşmasına yönəldək və bunu da etdik. Minimum əməkhaqqı, minimum pensiya təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə artıb. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkünlərə verilən müavinətlər, tələbələrin təqaüdləri - bütün bunlar bunun hesabına mümkün olmuşdur. Bizim iqtisadi vəziyyətimiz imkan verir ki, bu islahatları aparaq. İslahatlar bütün sahələri əhatə edir. Bir daha demək istəyirəm ki, biz inkişafın yeni mərhələsinə qədəm qoyduq",- Prezident əlavə edib.