Sentyabrın 7-də Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Komitə sədrinin müavinləri və aidiyyəti strukturların rəhbərləri Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi və Bakı Baş Gömrük İdarəsində mövcud vəziyyətlə tanış olublar və hər iki qurumda xidməti müşavirə keçirilib.
FED.az xəbər verir ki, Komitə sədri idarələrdə gömrük işinin təşkili prosesini müşahidə edib, gömrük əməkdaşlarına müvafiq tapşırıqlarını verib, sahibkarlarla görüşərək onların fikirlərini, xidmətin təşkili barədə təklif və rəylərini dinləyib.
Hər iki qurumda keçirilən xidməti müşavirələrdə çıxış edən DGK sədri Səfər Mehdiyev Prezident İlham Əliyevin gömrük sistemində həyata keçirdiyi islahatlar, bu islahatların beynəlxalq ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi və şəffaflığın təmin olunmasına təsirindən bəhs edib.
Son vaxtlar gömrük sistemində mühüm nailiyyətlər əldə edildiyini bildirən Səfər Mehdiyev hələ də bəzi nöqsanların olduğunu diqqətə çatdırıb və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.