Bakı şəhəri, 2 oktyabr 2019-cu il
“Ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji
qiymətləndirmə sahəsində nəzarətin həyata keçirilməsi
Qaydası”nın təsdiq edilməsi haqqında
“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununun
tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 iyul
tarixli 193 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin
etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
qərara alır:
1. “Ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji
qiymətləndirmə sahəsində nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq
edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-
ci bəndinə uyğun edilə bilər.
Azərbaycan Respublikasının
Baş Naziri Novruz Məmmədov
2
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 2 oktyabr
tarixli 425 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
Ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji
qiymətləndirmə sahəsində nəzarətin həyata keçirilməsi
Q A Y D A S I
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə
əsasən hazırlanmışdır və ətraf mühitə təsirin qiymətləndirilməsi və
strateji ekoloji qiymətləndirmə sahəsində nəzarətin həyata
keçirilməsi qaydasını müəyyən edir.
1.2. Ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji
qiymətləndirmə sahəsində nəzarətin məqsədi “Ətraf mühitə təsirin
qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavədə göstərilən fəaliyyətin (bundan sonra – nəzərdə tutulan
fəaliyyət) həyata keçirilməsi zamanı ətraf mühitə və insan
sağlamlığına mümkün mənfi təsirlərin aşkarlanması, onların məkana,
zamana görə miqyasının və intensivliyinin qiymətləndirilməsi, aradan
qaldırılması və ya azaldılması üçün tədbirlərin həyata keçirilməsini,
habelə dövlət orqanları və qurumları, fiziki və ya hüquqi şəxslər
(bundan sonra – sifarişçi) tərəfindən nəzərdə tutulan fəaliyyətə dair
ətraf mühitə təsirin qiymətləndirilməsinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra – Nazirlik)
ilə ilkin məsləhətləşmələrdən sonra aparılmasını, ətraf mühitdən
səmərəli istifadənin, ətraf mühitin davamlı inkişafının və ekoloji
təhlükəsizliyin, potensial zərərli ekoloji təsirlərin planlaşdırma
mərhələsində qarşısının alınmasını və bu istiqamətdə digər tələblərin
yerinə yetirilməsini, sifarişçi və strateji sənədləri hazırlayan dövlət
orqanları, qurumları və bələdiyyələr (bundan sonra – planlaşdırıcı
orqan) tərəfindən həmin Qanunun tələblərinə əməl olunmasını təmin
etməkdən ibarətdir.
1.3. Ətraf mühitə təsirin qiymətləndirilməsi (bundan sonra –
ƏMTQ) və strateji ekoloji qiymətləndirmə (bundan sonra – SEQ)
sahəsində nəzarət dövlət və ictimai nəzarət formalarında həyata
keçirilir.
3
1.4. ƏMTQ və SEQ sahəsində dövlət nəzarətini Nazirlik həyata
keçirir.
1.5. ƏMTQ və SEQ sahəsində ictimai nəzarət dövlət
nəzarətinin həyata keçirilməsindən asılı olmayaraq, “İctimai
iştirakçılıq haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf
mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan
Respublikasının qanunlarının tələblərinə uyğun olaraq fiziki şəxslərin
və vətəndaş cəmiyyəti institutlarının təşəbbüsü ilə ictimai dinləmələr
və ictimai müzakirələr vasitəsilə təşkil olunur və həyata keçirilir.
2. ƏMTQ və SEQ sahəsində dövlət nəzarətinin
həyata keçirilməsi
2.1. ƏMTQ və SEQ sahəsində dövlət nəzarəti “Ətraf mühitə
təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası
Qanununun 1.1.9-cu maddəsində nəzərdə tutulan fəaliyyət üzrə
Nazirliyin səlahiyyətli şəxsləri tərəfindən təsdiq olunmuş iş planına
uyğun olaraq və daxil olan şikayətlər əsasında il ərzində yoxlamalar
vasitəsilə həyata keçirilir.
2.2. Ətraf mühitə mümkün təsirin normalarından (hədlərindən)
asılı olaraq, bu Qaydanın 2.1-ci bəndində göstərilən yoxlamalar 3
(üç) - 10 (on) iş günü müddətində həyata keçirilir.
2.3. ƏMTQ və SEQ sahəsində dövlət nəzarətinin həyata
keçirilməsi və həmin zaman məhdudlaşdırıcı tədbirlərin tətbiqi və bu
barədə qərarların qəbul edilməsi sahibkarlıq subyektlərinə
münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların
tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması
haqqında” Azərbaycan Respublikasının qanunlarının tələblərinə
uyğun həyata keçirilir.
2.4. Nəzərdə tutulan fəaliyyət xüsusi mühafizə olunan təbiət
ərazilərinə və obyektlərinə yaxın ərazilərdə həyata keçirildikdə,
həmin fəaliyyətə dair ƏMTQ Nazirliyin, müalicə-sağlamlaşdırma
yerləri və kurortlara münasibətdə isə Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin nümayəndələrinin iştirakı ilə aparılır.
2.5. Sifarişçi və planlaşdırıcı orqan Nazirliyin bu Qaydanın 2.1-
ci bəndində nəzərdə tutulan yoxlamaları həyata keçirən vəzifəli
şəxslərinə lazımi şərait yaratmalı, zəruri məlumatları (sənədləri) və
tələb olunduqda yazılı izahatlarını verməlidirlər.
4
2.6. ƏMTQ və SEQ sahəsində dövlət nəzarətinin həyata
keçirilməsi ilə bağlı Nazirliyin vəzifələri aşağıdakılardır:
2.6.1. sifarişçi və planlaşdırıcı orqan tərəfindən “Ətraf mühitə
təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə əməl edilməsini yoxlamaq və dövlət ekoloji
ekspertizasının rəyi verilmiş ƏMTQ və SEQ sənədlərinin icrasına
nəzarət etmək;
2.6.2. ƏMTQ və SEQ sahəsində ictimai nəzarəti həyata
keçirmək istəyən şəxslərin müraciətlərinə baxmaq;
2.6.3. ƏMTQ və SEQ sahəsində əhalinin maarifləndirilməsi
işini təşkil etmək;
2.6.4. ƏMTQ və SEQ üzrə qərarların qəbuluna və yerinə
yetirilməsinə nəzarət etmək;
2.6.5. dövlət ekoloji ekspertizasının rəyi olmadan nəzərdə
tutulan fəaliyyət və həmin fəaliyyət üzrə işlərin həyata keçirilməsi ilə
əlaqədar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların
tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”
Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə və “Ətraf
mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun
71-ci maddəsinə uyğun olaraq, məhdudlaşdırıcı tədbirlərin tətbiqi
barədə qərar qəbul etmək;
2.6.6. ƏMTQ və SEQ sahəsində pozuntuların aradan
qaldırılmasını fiziki və hüquqi şəxslərdən, dövlət və bələdiyyə
orqanlarından tələb etmək;
2.6.7. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”
Azərbaycan Respublikası Qanununun pozulmasına görə inzibati
xətalar haqqında işlərə baxmaq, təqsirli şəxslərin inzibati
məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etmək, onların
əməllərində cinayət tərkibi olduqda həmin işləri aidiyyəti üzrə
göndərmək.
2.7. Nazirliyin ƏMTQ və SEQ sahəsində dövlət nəzarətinin
həyata keçirilməsi ilə əlaqədar hüquqları aşağıdakılardır:
2.7.1. nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsi üçün
verilən lisenziyanın, icazənin, təbiətdən (təbii ehtiyatlardan) istifadəni
nəzərdə tutan müqavilələrin (kontraktların) və həmin fəaliyyətin
həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının
qanunlarında nəzərdə tutulmuş digər sənədlərin qüvvəsinin
dayandırılması və ya ləğvi barədə qərar qəbul edilməsi üçün
aidiyyəti qurumlar qarşısında məsələ qaldırmaq;
5
2.7.2. nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsi zamanı
təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji
tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan
fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin
fəaliyyətə dair yenidən ƏMTQ aparılmasının təmin olunmasını tələb
etmək;
2.7.3. ƏMTQ-nin bu Qaydanın, “Ətraf mühitə təsirin
qiymətləndirilməsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” və
“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının
qanunlarının, ətraf mühitin mühafizəsi sahəsində digər normativ
hüquqi aktların tələbləri və aşağıdakılar nəzərə alınmaqla həyata
keçirilməsini tələb etmək:
1. təbiətdən səmərəli istifadə və onun bərpası, istehsal və
xidmət prosesində yaranan tullantıların təkrar istifadəsi, onların
kompleks emalı, utilizasiyası;
2. mərkəzləşdirilmiş kanalizasiya sistemləri vasitəsilə idarə
olunan tullantı sularının təmizlənməsinin təmin edilməsi, müəyyən
olunmuş həddə təmizlənməmiş tullantı sularının təbii və süni su
axarlarına (tutarlarına) və yerin relyefinə axıdılmasının qarşısı
alınmaqla, onların texniki ehtiyaclar üçün istifadə edilməsi;
3. su, torpaq, atmosfer havası, meşə, bitki və heyvanlar aləmi,
yerin təkindən faydalı qazıntılar və digər təbii ehtiyatlardan
istifadənin əsaslandırılması;
4. torpaqların, bitki və heyvanlar aləminin, biomüxtəlifliyin
mühafizəsi və bərpası, xüsusi mühafizə olunan təbiət əraziləri və
obyektlərinin statusunun qorunması;
5. əhalinin və ətraf mühitin antropogen mənşəli fiziki, kimyəvi
və bioloji faktorların zərərli təsirlərindən mühafizəsini təmin edən
tədbirlərin hazırlanması;
6. nəzərdə tutulan fəaliyyətin ətraf mühitə təsirinin intensivliyi,
müddəti, hədləri və dövriliyi;
7. əlverişli materiallardan (xammaldan) istifadə, enerjiyə
qənaət, texnoloji itkiləri və enerji sərfini azaldan, həmçinin az tullantılı
və tullantısız, ekoloji standartlara cavab verən səmərəli
texnologiyaların tətbiqi;
2.7.4. ƏMTQ və SEQ sənədlərinə dair dövlət ekoloji
ekspertizası rəyinin yerinə yetirilməsini tələb etmək;
2.7.5. ətraf mühitə təsirin qiymətləndirilməsi sahəsində
normativ hüquqi aktların tələblərinin pozulması nəticəsində təbiətə
vurulmuş zərərin həcmini müəyyən etmək (müəyyən edilməsində
6
iştirak etmək) və bunun əsasında təqsirkar şəxslərə bu zərərin
könüllü ödənilməsi barədə tələblər irəli sürmək və ya iddiaları
məhkəməyə təqdim etmək.
3. ƏMTQ və SEQ sahəsində dövlət nəzarətinin
nəticələrinin rəsmiləşdirilməsi
3.1. ƏMTQ və SEQ sahəsində dövlət nəzarətinin nəticələri 2
(iki) nüsxədə tərtib olunan aktla rəsmiləşdirilir. Aktın 1 (bir) nüsxəsi
müvafiq planlaşdırıcı orqana və ya sifarişçiyə təqdim edilir, digəri isə
Nazirlikdə saxlanılır. Aktı imzalayanlar öz rəyini bildirmək (akta əlavə
etmək) hüququna malikdirlər.
3.2. Bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan aktda
aşağıdakılar göstərilməlidir:
3.2.1. nəzarət tədbirinin həyata keçirildiyi planlaşdırıcı orqan və
ya sifarişçi haqqında məlumatlar (ünvanı, rəhbərin və səlahiyyətli
nümayəndənin soyadı, adı, atasının adı, VÖEN-i);
3.2.2. nəzarətin aparılmasının hüquqi əsası, səbəbləri və
müddəti;
3.2.3. nəzarət tədbirinin nəticələri.
3.3. ƏMTQ və SEQ sahəsində Nazirliyin qərarlarının icrası
planlaşdırıcı orqan və sifarişçi üçün məcburidir, bu qərarlardan
inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
4. ƏMTQ və SEQ sahəsində ictimai nəzarətin həyata keçirilməsi
4.1. ƏMTQ və SEQ sahəsində ictimai nəzarəti həyata
keçirmək istəyən şəxslər nəzarətin aparılmasından 7 (yeddi) iş günü
əvvəl yazılı şəkildə Nazirliyə müraciət edərək, ictimai dinləmələrin və
ya ictimai müzakirələrin keçirilməsi barədə dəqiq yer və vaxt
göstərilməklə məlumat verməlidirlər.
4.2. ƏMTQ və SEQ sahəsində ictimai nəzarəti həyata keçirən
fiziki şəxslərin və vətəndaş cəmiyyəti institutlarının vəzifələri
aşağıdakılara riayət etməkdir:
4.2.1. ƏMTQ və SEQ üzrə ictimai nəzarətin aparılması, bu
sahədə ictimai dinləmələrin və müzakirələrin keçirilməsində iştirak
zamanı “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” və “İctimai
iştirakçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarının, bu
Qaydanın və digər normativ hüquqi aktların tələblərini yerinə
yetirmək;
7
4.2.2. ictimai nəzarətin nəticələri barədə Nazirliyi, yerli icra
hakimiyyəti orqanını, bələdiyyəni, sifarişçini, planlaşdırıcı orqanı və
kütləvi informasiya vasitələri ilə ictimaiyyəti məlumatlandırmaq.
4.3. ƏMTQ və SEQ sahəsində ictimai nəzarəti həyata keçirən
fiziki şəxslər və vətəndaş cəmiyyəti institutları aşağıdakı hüquqlara
malikdirlər:
4.3.1. nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsi ilə bağlı
Nazirlikdən və bələdiyyələrdən məlumat əldə etmək;
4.3.2. ƏMTQ və SEQ-lə bağlı ictimai dinləmələrin keçirilməsini
sifarişçidən və planlaşdırıcı orqandan tələb etmək;
4.3.3. nəzərdə tutulan fəaliyyətə dair ekoloji ekspertiza rəyi ilə
tanış olmaq və onun icrasını tələb etmək;
4.3.4. nəzərdə tutulan fəaliyyət “Ətraf mühitə təsirin
qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun
tələbləri pozulmaqla həyata keçirildikdə, inzibati qaydada və (və ya)
məhkəməyə şikayət vermək.