Xəbər verildiyi kimi, dekabrın 24-də Lüksemburq Böyük Hersoqluğunun Deputatlar Palatası, yəni bu ölkənin parlamenti Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsi ilə bağlı qərəzli qətnamə qəbul edilib.
FED.az xəbər verir ki, parlamentin Xristian-Sosialist Siyasi Partiyasının ermənipərəst üzvü Klod Viseler tərəfindən irəli sürülən bu qətnamədə bölgədəki vəziyyətlə bağlı həqiqətlər təhrif olunur, Azərbaycan və Türkiyəyə qarşı tamamilə əsassız ittihamlar irəli sürülür. Məsələn, həmin sənəddə Azərbaycan qoşunlarının guya "işğal etdiyi" ərazilərdən çıxarılması tələb olunur və sair.
Eləcə də bax: Azərbaycan Fransaya yenə nota verdi - Səfir XİN-ə Çağırıldı
Azərbaycanın bu təxribata cavabı özünü gözlətməyib. FED.az xəbər verir ki, Xarici İşlər Nazirliyi bununla bağlı açıqlama yayıb.
Buradan verilən xəbərə görə, əslində qətnamənin hər hansı hüquqi qüvvəsinin olmasa da, Lüksemburq Parlamentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olan sənədlərlə çıxış etməsi, bölgədəki vəziyyəti öyrənmədən yanlış ittihamlar irəli sürməsi bu qurumun qərəzli mövqeyindən xəbər verir: "Lüksemburq qanunverici qurumunun üzvləri əgər bölgənin, o cümlədən Ermənistanın gələcəyini düşünsəydilər, o zaman 10 noyabr tarixli üçtərəfli bəyanatın icrasını, bölgədə sülh, təhlükəsizik və rifahın yaradılması üçün yeni əməkdaşlıq imkanlarından faydalanmaq fikirlərini təşviq edərdilər".
"Görünən isə odur ki, Lüksemburq Parlamentini bölgədəki uzunmüddətli münaqişənin həlli, BMT TŞ qətnamələrinin həyata keçirilməsi, onilliklərdir fundamental hüquqları pozulan məcburi köçkünlərin hüquqlarının bərpa olunması ilə yaranmış yeni vəziyyətlə yox, bölgə dövlətləri arasında ədavətin alovlandırılmasında maraqlıdır"-deyə açıqlamada bildirilir.
XİN bildirir ki, belə təxribat xarakterli və qərəzli sənədlərin qəbulu bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneə ola bilməyəcək.